Parlamentə daxil olan şikayət və müraciətlər artıb - 30 faiz


16:47     29 İyul 2019 parlament0.jpg


“Bu ilin 6 ay ərzində Milli Məclisə 9 minə yaxın ərizə, şikayət və müraciət daxil olub. Eyni zamanda deputat və ya köməkçiləri 7 min seçicini qəbul ediblər”.


Femida.az xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, Milli Məclisin 4 istiqamət üzrə fəaliyyət və funksiyaları var: “İlk yerdə qanunvericilik fəaliyyəti dayanır. Deputatlar bütün ölkənin seçicilərini təmsil edirlər. Milli Məclisdə təmsil olunan 125 deputat parlamentdə Azərbaycanın bütün bölgələrindən olan seçicilərin maraqlarını güdməlidirlər. Bu sahədə Milli Məclisin çox böyük təcrübəsi var. Seçicilərdən müxtəlif ərizə, müraciət və şikayətlər daxil olur”.

S.Mirzəyevin sözlərinə görə, bu ilin 6 ayı ərzində parlamentə daxil olan ərizə, müraciət və şikayətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artıb: “Bu da onla bağlıdır ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xüsusilə vurğulayıblar ki, məmurlar, o cümlədən deputatlar vətəndaşların bütün dərdinə-sərinə diqqətlə yanaşmalıdır. Bu baxımdan iş tamamilə başqa cür qurulub. Ona görə də qəbul və müraciətlərin sayı 30 faiz artıb. Bu sahədə görüləsi işlər çoxdur. Amma görülən işlər də kifayət qədərdir”.

MM-in Aparat rəhbərinin sözlərinə görə, daha bir istiqamət parlamentin nəzarət funksiyasıdır: “Milli Məclis ali qanunvericilik orqanı kimi konstitusiya ilə bir neçə nəzarət funksiyasına malikdir. Bir sıra dövlət orqanları parlamentdə hesabat verirlər. Hər il Nazirlər Kabineti, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Milli Məclisin yaratdığı Hesablama Palatası və digər orqanlar parlament qarşısında hesabat verirlər. Bu hesabatlar nəzarət funksiyamızın bariz nümunəsidir. Hesablama Palatası ölkədə bütün maliyyə nəzarətini həyata keçirir. Dövlət büdcəsindən xərclənən vəsaitlər yoxlanılır və bu barədə parlamentə və digər dövlət orqanlar mütəmadi məlumat verilir. Nəzarət funksiyasının həyata keçirilməsi də vacib istiqamətdir. Milli Məclisin 4-cü istiqaməti beynəlxalq fəaliyyətidir”.

Açar sözlər:

Oxunub: 355


Oxşar xəbərlər