Daxili Qoşunların komandanı əsgər valideynləri ilə görüşüb

Daxili Qoşunların komandanı əsgər valideynləri ilə görüşüb


19:11     29 İyul 2019 2019/07/B388B872-07C4-4712-84B8-92E0370A4A96_3128826424.jpeg

Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun Daxili Qoşunların Bakıdakı N saylı hərbi hissəsində əsgər valideynləri ilə görüşü keçirilib.

Daxili Qoşunların Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, hərbi hissə komandiri, polkovnik Xaliq Eyvazov hərbi hissənin döyüş hazırlığının vəziyyəti və şəxsi heyətin mənəvi-psixoloji durumu barədə komandana məruzə edib.

Sonra general-leytenant Ş.Məmmədov əsgər valideynləri ilə görüşərək tədbirin təşkilində əsas məqsədin valideynlərin müraciət və təkliflərinin dinlənilməsi olduğunu vurğulayıb. Qeyd edib ki, Daxili Qoşunların bütün hərbi hissələrində əsgərlərin yüksək səviyyədə xidmət aparması üçün hərtərəfli şərait yaradılıb.



Diqqətə çatdırılıb ki, Daxili Qoşunların hərbi qulluqçularının sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərtərəfli şəraitə malik yaşayış kompleksləri, yeni hərbi şəhərciklər, qərargah binaları, əsgər kazarmaları, yeməkxanalar, tibb məntəqələri və sair xidməti otaqlar ən müasir zəruri avadanlıqla təchiz edilib.

Daxili Qoşunların komandanı bildirib ki, bütün bunlar, eləcə də bu il hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması məqsədilə vəzifə maaşlarının artırılması ilə bağlı verilmiş müvafiq sərəncamlar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Daxili Qoşunlarda xidmətin şərəfli olduğunu qeyd edən Ş.Məmmədov müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün müddətdən artıq xidmət etmək imkanlarının mövcudluğunu da valideynlərin diqqətinə çatdırıb.

Səmimi əhval-ruhiyyədə keçən görüşdə əsgər valideynləri övladları üçün yaradılmış hərtərəfli şəraitə görə Azərbaycan Prezidentinə, həmçinin Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.



Daxili Qoşunların komandanı əsgər valideynlərini dinləyərək onların müraciət etdikləri məsələlər barədə konkret göstərişlər verib.

Görüşdən sonra Daxili Qoşunların komandanı şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə tanış olub, ərazidə aparılan abadlıq-quruculuq işləri ilə maraqlanıb.

General-leytenant Ş.Məmmədov döyüş xidmətinin təşkili və digər zəruri məsələlərlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verib.

Femida.az

Açar sözlər:

Oxunub: 211