İndiyədək sahibkarlara 2,3 mlrd manat güzəştli kredit verilib -Azərbaycanda


11:34     31 İyul 2019 dollarla-krediti-olanlar-ne-etmeli-ekspert-reyi-620x400.jpg


"Azərbaycanda özəl sektorda sürətli inkişafa nail olunub. Ölkədə sahibkarlığın inkişafı üçün münbit şərait yaradılır".


Bunu bu gün Bakıda “İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi” mövzusunda keçirilən konfransda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, indiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən layihələrin ümumi dəyəri 5,2 mlrd manatdan çox olan 36 mindən çox sahibkara 2,3 mlrd manat güzəştli kredit verilib.

Nazir müavini bildirib ki, bu kreditlər hesabına 166 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb: “Kreditlərin 1 milyard manatı büdcə, 1,3 milyard manatı isə geri qaytarılan vəsaitlər hesabına verilib. Bu kreditlərin 74%-i regionlarda, 26%-i Bakı şəhərinin qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib”.

S. Məmmədov qeyd edib ki, verilən kreditlərin 68%-i aqrar sektorun, 32%-i isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib: “52 mindən çox sahibkarlığın iştirakı ilə sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılmasına dair 396 işgüzar forum keçirilib”.

Qeyd edək ki, “İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi” konfransı İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə dövlət qurumlarının, Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının, ali təhsil müəssisələrinin nümayəndələri, sahibkarlar və startapçılar iştirak ediblər. / Report

Femida.az

Açar sözlər: #kredit  

Oxunub: 403