Prokurorluq orqanlarına işə qəbul imtahanı bu tarixdə keçiriləcək


17:20     01 Avqust 2019 19_08_01_1564665633.jpg

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant 80 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu avqustun 2-də saat 18:00-da başa çatacaqdır.


Baş prokurorluqdan Femida.az-a verilən məlumata görə, prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş namizədlər üçün müsabiqənin ilkin mərhələsi olan test imtahanının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 9 avqust 2019-cu il tarixdə saat 10:00-dan başlayaraq 3 saat müddətində Bakı İdman Sarayında (ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 26 A) keçirilməsi nəzərdə tutulur.

Prokurorluğa işə qəbulla bağlı müsabiqədə iştirak edəcək namizədlər 7-8 avqust 2019-cu il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə “Test imtahanına buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağından (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdiriləcəkdir.

Məlumat üçün bildirilir ki, test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 1 iyul 2019-cu il tarixdə kütləvi informasiya vasitələrində dərc edilmiş, həmçinin Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdirilmişdir.

Müsabiqə ilə əlaqədar ətraflı məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

Femida.az

Açar sözlər: #prokuror  

Oxunub: 550