Bakı-Ceyhan kəməri ilə 121 milyon barel neft ixrac edilib - 6 ayda


18:40     01 Avqust 2019 19_08_01_1564665947.jpg


2019-cu ilin birinci yarısında Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.


BP-nin Bakı ofisindən Femida.az-a verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 80 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Altı ay ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 134 milyon bareldən çox neft və kondensat, o cümlədən 121 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 13 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

2019-cu ilin birinci yarım ili ərzində terminaldan həmçinin gündəlik orta hesabla 46 milyon standart kubmetr (təqribən 1 milyard 610 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilib.

Birinci yarım ildə BTC üzrə əməliyyat xərclərinə təqribən 55 milyon dollar, əsaslı xərclərə isə təqribən 12 milyon dollar xərclənmişdir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2019-cu ilin birinci yarısının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 432 milyon tondan artıq (3,2 milyard bareldən artıq) xam neft nəql edilmiş və Ceyhanda 4234 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Birinci yarım il ərzində isə BTC vasitəsilə təqribən 16 milyon ton (120 milyon bareldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 149 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Femida.az

Açar sözlər: #neft  

Oxunub: 523