Neft Fondu 10.7 milyard manat gəlir əldə edib - 6 ayda


10:00     02 Avqust 2019 19_08_02_1564725645.jpg


Bu ilin I yarısında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 10 698,3 milyon manat, büdcə xərcləri isə 4 499,4 milyon manat təşkil edib.


Bu barədə Femida.az-a qurumdan bildirilib.

Məlumata görə, yanvar-iyun aylarında ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 557,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından gəlirləri 7 780,7 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, akrhesabı ödənişlər isə 1,1 milyon manat olub. Bundan başqa, Fond vəsaitinin idarə olunmasından 2 141,2 milyon manat gəlir əldə edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri isə 513,1 milyon manat təşkil edib.

I yarımildə ARDNF dövlət büdcəsinə 4 413 milyon manat vəsait transfert edib. Bundan başqa, Fond qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması, sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 74,9 milyon manat vəsait ayırıb. Yanvar-iyun aylarında qurumun idarə edilməsi ilə bağlı xərcləri 11,5 milyon manat təşkil edib.

6 ay ərzində ARDNF-in aktivləri 10,25% artaraq 42 463,7 milyon ABŞ dolları təşkil edib. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunub, investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötə ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu ilin ilk 6 ayı ərzində müvafiq göstərici 13,1% təşkil edib.

Femida.az

Açar sözlər: #ARDNF  

Oxunub: 380