"Dənizdə boğulan uşağın cəsədi 4 gündür niyə tapılmır?" - FHN-dən AÇIQLAMA


15:35     05 Avqust 2019 2019/08/c0e9c09b6c4b75d70b24b75fa2059fc7_1565004861.jpg


Bəzən ehtiyatsızlıq, bəzən diqqətsizlik, bəzən də məsuliyyətsizlik hər il olduğu kimi bu il də çimərliklərdə bir çox insanın həyatına son qoydu. O cümlədən azyaşlıların.


Belə talesiz uşaqlardan biri də Həsənov Polad İlham oğludur. Femida.az xəbər verir ki, 2008-ci il təvəllüdlü Polad Bakıdan Xaçmaza düşərgəyə gəlmişdi. O, Xəzər adlı çimərlikdə düşərgə yoldaşları ilə birlikdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşib. Müəllimləri boğulan digər 2 uşağı xilas etsə də, Poladı sudan çıxarmaq mümkün olmayıb.

Hadisə şahidləri məsələni belə şərh edib:

“Hadisə avqustun 1-də axşam saatlarında baş verib. Təxminən axşam saat 7-8 aralığında. Təəssüf ki, həmin vaxt ərazidə xilasedicilər olmayıb. Onlar hadisədən 40 dəqiqə sonra gəliblər. Lakin axtarışlar nəticə verməyib. Bu gün artıq ayın 5-dir. Dörd gün keçməsinə baxmayaraq, xilasedicilər hələ də Poladın meyitini sudan çıxara bilmirlər. Uşağın valideynləri çox pis vəziyyətdədir. Danışa biləcək halda olmadıqları üçün biz məlumat veririk. Ən azından Poladın meyiti tapılsa, valideynləri bir az təsəlli tapardılar”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirdi ki, hadisə ilə bağlı bütün tədbirlər görülür və axtarışlar davam etdirilir:



"Məlumat saat 20:27-də daxil olub və xilasedicilər dərhal hadisə yerinə çatıblar. Axtarışlar davam etdirilir. Sadəcə küləkli hava şəraiti bu gün bir qədər axtarışlara mane olub. Orada əməkdaşlarımız əlindən gələni edir. Axtarış üçün 2 matorlu qayıq ayrılıb. Uşaq tapılana kimi axtarış davam edəcək. Valideynlərin narazılığını başa düşürəm, amma orada işləyən şəxslər mütəxəssislərdir. Bu sahədə xüsusi təlim keçmiş şəxslərdir. Məsələ ilə bağlı hər hansı yenilik olarsa, dərhal məlumat veriləcək".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #FHN   #boğulma   #uşaq   #Xaçmaz   #Naxçıvan   #Nabran  

Oxunub: 1577