Novxanıda F-1 əl qumbarası aşkarlandı


10:05     06 Avqust 2019 2019/08/E095E380-433C-4CBA-9335-A5778EA34137_1565071620.jpeg

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Abşeron rayonu, Novxanı kəndi, ev 27 ünvanında partlayıcının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Femida.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ünvana baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının və partladıcının ətrafında 20 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Qeyd edək ki, agentlik tərəfindən 01 yanvar – 06 avqust 2019-cu il tarixlərində 150 siqnal (əməliyyat çağırışı) əsasında 128 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

Ümumilikdə 1 683 ədəd partlamamış hərbi sursat (PHS), 18 630 ədəd müxtəlif çaplı patron, 11 ədəd piyada əleyhinə mina, 18 ədəd tank əleyhinə mina və 32 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 129 465 kv.m ərazi yerüstü və 8 657 kv.m ərazi yeraltı yoxlanılıb.

Femida.az

Açar sözlər: #Mina   #Bomba  

Oxunub: 411