Qarabağ veteranına qarşı dələduzluq – Ev aldığı şəxslər mənzili tərk etmir (ŞİKAYƏT)


13:46     06 Avqust 2019 2019/08/sikayett_1565083530.jpg


“Mən Qarabağ döyüşlərində yaralanmışdım. Erməninin vurduğu yara məni bu qədər incitməmişdi. Amma Azərbaycan məhkəməsinin çıxardığı qərar məni incitdi"


Qarabağ veteranı Akif Qasımov Bakıda 200 min manatlıq dələduzluqla üzləşib. Vətəndaş problemini işıqlandırmaq üçün hüquq yüklü xəbər portalı olan Femida.az-a müraciət edib.

O, bildirir ki, illərlə zəhmət çəkərək pul toplayıb və ötən il Bakıda 200 min manat dəyərində mənzil alıb. Alqı-satqı prosesi tam qanuni şəkildə aparılıb və öz adına çıxarış əldə edib. Lakin mənzili satan şəxslər evdən çıxmayıblar. Bu azmış kimi onun pulunu qaytarmaqdan da imtina ediblər:


“Adım Qasımov Akif Yusif oğludur. Həm Qarabağ müharibəsi veteranı, həm də Prezident təqaüdçüsüyəm. Qarabağ döyüşlərində yaralanm
ışam. 2018-ci ilin noyabrında Bakıda S.Vurğun küçəsində yerləşən “AF Center” yaşayış kompleksində Bünyatova Sahilə adlı xanımdan mənzil aldım. Notariusda alqı-satqı olundu. 200 min manat ödəniş etdim və 4 otaqlı evi həmin xanımdan aldım. Prosesdə xanımın iki övladı da öz imzası ilə satışa razılıq verdilər. Hətta alqı-satqını xanımın adından etibarnamə ilə oğlu Elvin Bünyatov apardı. Prosesdən sonra evdən çıxmaq üçün məndən 1 ay möhlət istədilər, razılaşdım. Bir neçə gün sonra Elvin mənə zəng etdi ki, “pulu qaytarmaq istəyirik, müqaviləni ləğv edək. Lazımdırsa, pulu artıqlaması ilə qaytarım”. Mən də etiraz etmədim.


Mənzilin yerləşdiyi bina

Bildirdim ki, öz ödədiyim pulu qaytarsınlar, kifayətdir. Sən demə bu bir oyun imiş. Həmin danışıq zamanı Elvin mənim səsimi yazıb və məni sələmçi qismində şərləmək istəyib. Polisə və prokurorluğa şikayət edib. Lakin hüquq-mühafizə orqanları onun şikayətinin əsassız olduğunu bildirərək, işə xitam verdilər. Ardınca o 4 nəfər “qoçu” ilə mənim yanıma gəlib hədələməyə başladı. Bildirdim ki, Azərbaycanda qanun var, polis var: Sən bu yollarla evimi əlimdən ala bilməzsən. Daha sonra S. Bünyatova özünü AF Holdinqin prezidenti Azay Möhnətovun bacısı kimi təqdim etdi: "Bu kompleksi qardaşım tikib və evi mənə hədiyyə edib, onsuz da bizi bu mənzildən çıxara bilməyəcəksən".

Bir sözlə, qarşı tərəf nə evi boşaldır, nə də Qarabağ veteranının pulunu qaytarmır. Qeyd edək ki, alqı-satqıdan dərhal sonra Akif Qasımov Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə müraciət edərək, evi adına keçirib. Hazırda ev çıxarışla onun adındadır. Rəsmi dövlət sənədinə məhəl qoymadığından Qasımov qarşı tərəfi məhkəməyə verib:


Mənzilin son çıxarışı

“Məhkəmədə qadın bildirdi ki, məni tanımır və mənə ev satmayıb. Halbuki notarius binasında bütün kamera görüntüləri var. Qadın orada gəlib qol çəkir, oğluna etibarnamə verir. Ardınca da alqı-satqı prosesi aparılır. Oğlu Elvin isə əksinə izahat verdi. Bildirdi ki, anası da alqı-satqıda iştirak edib. Bir sözlə onların dələduz olması izahatlarından da açıq-aşkar görünür. Onlar məni sələmçi kimi təqdim edir. Çünki həmin ev mənə satılmazdan əvvəl girovda olub. Ailənin BOKT-a 47 min manat borcu olduğu üçün guya mən onların borcunu bağlamışam, əvəzində isə evlərini girov götürərək onlara faizlə borc vermişəm. Polis və prokurorluq onsuz da məsələni araşdıranda gördü ki, mənim sələmçi kimi heç bir fəaliyyətim yoxdur. Mən Qarabağ veteranı, Prezident təqaüdçüsü kimi bu cür qeyri-qanuni işlərə ümumiyyətlə qarşıyam".

Qeyd edək ki, proses ərəfəsində Elvin Bünyatov başqa bir qanunsuz əməlinə görə həbs edilib. Akif Qasımov düşünür ki, bu ailə dələduzdur və daha əvvəl də bir çox vətəndaşları aldadıblar. Məhz buna görə Elvin də həbs edilib. Şikayətçinin sözlərinə görə, hər dəfə qarşı tərəfdən evdən çıxmalarını tələb etdikdə “bizim arxamız güclüdür, hər yerdə adamımız var” cavabını alır:


Qətnamə

“Təəssüf ki, Nəsimi rayon məhkəməsi bu işlə bağlı ədalətsiz qərar çıxardı. Hakim Cəmilə Musayeva bütün faktlar mənim lehimə olmasına baxmayaraq, min bir zəhmətlə qazandığım, illərlə yığdığım pulla aldığım evin çıxarışını ləğv etdi. Budurmu bu vətən uğrunda döyüşmüş Qarabağ veteranına qoyulan hörmət? Budurmu aparılan Məhkəmə-Hüquq islahatlarının nəticəsi? Cənab Prezident bildirir ki, məmurlar xalqa xidmət etməlidir. Lakin Nəsimi Məhkəməsi nə Dövlət Reyestr Xidmətini, nə Notariusu işə cəlb etmədən, kamera görüntülərinə baxmadan, sorğu qoymadan, araşdırma aparmadan, ortadakı faktlara göz yumur. Məhkəmə qarşı tərəfin yalan ifadələrinə belə məhəl qoymadı. Bünyatovlar ailəsi o qədər arxayındır ki, məhkəmələrin onların tərəfində olacağını deyir və mənim bu işdən vaz keçməyimi istəyirlər”.



“Mən erməni ilə döyüşdə yaralanmışdım. O yara məni bu qədər incitməmişdi. Amma Azərbaycan məhkəməsinin çıxardığı bu qərar məni incitdi. Prezident Aparatına, Məhkəmə Hüquq Şurasına, Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərova müvafiq işlə bağlı müraciət etmişəm. Qərardan apellyasiya şikayəti vermişəm. Sabah Bakı Apellyasiya Məhkəməsində proses baş tutacaq. Ümid edirəm ki, sabah ədalətli məhkəmə qərarı olacaq və bu dələduzların əməli ifşa ediləcək. Tək istəyim mənə məxsus olan evdən həmin fırıldaqçıların çıxarılmasıdır” – deyə Akif Qasımov bildirib.

Məsələ ilə bağlı “AF Center” kompleksi ilə əlaqə yaratmağa çalışsaq da, zənglərə cavab verən olmayıb. Bünyatovlar ailəsinin mövcud telefonları isə bağlı olub.

Femida.az qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vətəndaş   #şikayət   #femida   #qanun   #hüquq   #əmlak   #məhkəmə   #Qarabağ   #AF_Center   #hakim   #Nəsimi   #  

Oxunub: 3373