Fiziki və hüquqi şəxslərin bank hesablarının sayı artıb


18:29     06 Avqust 2019 manat_180215.jpg

Vergilər Nazirliyi mütəmadi olaraq vergi islahatlarının şəffaflaşmaya təsirlərinin monitorinqini aparır. Təhlillər göstərir ki, bir sıra fəaliyyət sahələrində dövriyyələr iqtisadi artımla müqayisədə dəfələrlə yüksək artım nümayiş etdirir, əqdlərin elektron sənədləşmə səviyyəsi isə əhəmiyyətli dərəcədə yüksəlməkdədir.

Femida.az xəbər veirr ki, bunu Vergilər naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, cari ilin 6 ayında qeyri-neft sektorunun ümumi dövriyyəsində elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 7 faiz artaraq 61,3 faizə çatıb: "Ticarət sektorunda dövriyyə 22 faiz, o cümlədən pərakəndə ticarətdə 35 faiz, ictimai iaşədə isə 26 faiz artıb. Topdansatış ticarət və istehsalda elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi 65 faizdən 78 faizə yüksəlib. Təkcə topdansatış ticarətdə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi 65 faizdən 82 faizə qalxıb.

Cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyələrin artım tempi qeyri-neft sektorunda 20,6 faiz, o cümlədən ticarətdə 43,4 faiz pərakəndə ticarətdə 50,2 faiz, topdansatış ticarətdə raibtədə 41,8 faiz, rabitədə 23,7 faiz, qeyri-neft istehsal sahəsində 30 faiz, kənd təsərrüfatında 91,4 faiz, xidmət sektorunda 20,8 faiz təşkil edib".

Nazir bildirib ki, ticarət sektorunda dövriyyələrin şəffaflaşması özünü ƏDV dövriyyəsinin yüksək artım dinamikasında göstərir. Belə ki, ƏDV dövriyyəsi topdansatış ticarətdə 25,2 faiz, pərakəndə ticarətdə isə 40 faiz artıb. Bu sahələrdə alış əqdlərinin sənədləşməsi səviyyəsi də yüksəlməkdədir. Pərakəndə ticarətdə əldə edilən elektron qaimə-fakturaların dəyərində 50,2 faiz, ictimai iaşədə isə 23,1 faiz artım olub.

"Aksizli malların istehsalı və dövriyyəsi sahəsində vergi inzibatçılığının və vergi nəzarətinin təkmilləşdirilməsi nəticəsində cari ili 6 ayında alkoqollu içkilərin istehsalçıları üzrə dövriyyə 73 faiz, tütün məmulatlarının istehsalçıları üzrə dövriyyə isə 8,6 dəfə artıb. Bu sahələrdə elektron qaimə- fakturalar ilə rəsmiləşən dövriyyələrdə isə müvafiq olaraq 92,7 faiz və 10,8 dəfə artım müşahidə olunub. Vergilər Nazirliyinin vergi inzibatçılığının rəqəmsallaşması və fiskallaşma sahəsində həyata keçirməyə başladığı bir sıra layihələr dövriyyələrin şəffafflaşması prosesinə əlavə təkan verəcək. Belə ki, hipermarketlərdə və yanacaqdoldurma məntəqələrində yeni nəsil onlayn nəzarət-kassa aparatlarının quraşdırılmasına başlanılıb ki, bu da çeklərin tələb edilməsi müqabilində ƏDV-nin bir hissəsinin qaytarılmasına imkan yaratmaqla alqı-satqı əməliyyatlarının kütləvi rəsmiləşməsinə istehlakçılarda marağı artıracaq.

Şəffaflaşma prosesləri özünü bank sektorundan keçən dövriyyələrin yüksək artım dinamikasında və digər müsbət monetar effektlərin baş verməsində də göstərir. Vergi ödəyicilərinin bank hesabları üzrə nağdlaşdırılan vəsaitlərinin məbləğinin azalması, habelə qeyri-dövlət sektorunun müəssisələrinin ƏDV depozit hesabında olan vəsaitlərinin qalığının 2,3 dəfə artması buna əyani sübutdur.

Bu şəraitdə özəl sektor müəssisələrinin banklarda Azərbaycan manatı ilə olan cari hesablaşma hesablarında vəsaitlərin qalığı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz, cari ilin əvvəlindən isə 20 faiz artıb ki, bu da ölkədə nağdsız əməliyyatların genişlənməsinin və dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir.Cari ilin iyun ayında əvvəlki ilin iyun ayı ilə müqayisədə sahibkar fiziki şəxslərin cari bank hesablarının sayı 20,6 faiz, hüquqi şəxslərin cari bank hesablarının sayı isə 29,3 faiz artıb. İqtisadiyyatın və dövriyyələrin şəffaflaşdırılması şəraitində dövriyyədə olan nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2018-ci ilin əvvəlindəki 60,1 faizdən cari ilin iyun ayının sonuna 52,9 faizə enib ki, bu da şəffaflaşma və nağdsız ödənişlərin genişləndirilməsi nəticəsində mümkün olub.

O, qeyd edib ki, iqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da biruzə verir: "Cari ilin iyul ayının 1-nə ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz, aktiv obyektlərin sayı isə 14 faiz artıb. “Kölgə” iqtisadiyyatının miqyasının azaldılmasına yönəlmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşması mühüm yer tutur. Cari ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əmək haqlarının 8 min manatadək olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi artıq mühüm fiskal nəticələr verməkdədir. Güzəştin tətbiqi nəticəsində cari ilin 6 ayı ərzində qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində 101 mindən çox artmış əmək müqavilələri sayının 75 faizini təşkil edir. Ən son məlumata görə cari ilin 7 ayının yekunu üzrə ölkədə cəmi əmək müqavilələrinin sayında ilin əvvəlindən 109 minə qədər, o cümlədən qeyri-dövlət bölməsində 84 minə qədər artım olub.

İşçi sayının şəffaflaşması prosesləri ilin əvvəlindən qeyri-dövlət təşkilatlarında çalışan muzdlu işçilərin əmək haqqı kartlarının sahiblərinin say etibarilə 18 faizdən çox artmasına səbəb olub. Nəticədə, cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək haqqı fondunun həcmi 22,8 faiz, o cümlədən cari ildə minimum əmək haqqının artırılmasının təsirləri də çıxılmaqla 21,4 faiz artıb. Bu, ümumi əmək haqqı fondunun əhalinin pul gəlirlərinə nisbətdə 2,5 faiz yüksəlməsinə səbəb olub. Bu dinamika sosial sığorta və işsizlikdən sığorta haqlarının yüksək templə artmasını şərtləndirib".

Femida.az

Açar sözlər:

Oxunub: 353