Bu il Azərbaycanda 1543 əlil işlə təmin edilib


13:27     09 Avqust 2019 19_08_09_1565342744.jpg


Cari ilin 6 ayı ərzində Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən işlə təmin edilənlərin 1543 nəfəri, özünüməşğulluq proqramına cəlb edilənlərin 940 nəfəri əlilliyi olan şəxslərdən ibarətdir.

Femida.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, bu ilin 6 ayı ərzində nazirliyin xətti ilə 174 nəfər əlilliyi olan şəxs əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi həmin gənclərin əmək bazarına çıxışının dəstəklənməsində mühüm rola malikdir. Mərkəzdə kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma aşbaz köməkçisi, xalçaçılıq və s. peşələr üzrə təlim kursları təşkil olunur. Müəssisədə olduqları təlim müddətində gənclər burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin edilirlər. Gənclər kursları bitirdikdən sonra onlara peşə sertifikatları verilir və yiyələndikləri peşələr üzrə məşğulluqlarının təminatı üçün işlər aparılır. Mərkəzdə təkcə bu ilin 6 ayında 156 nəfər peşə hazırlığına cəlb edilib. Gəncə şəhərində yaradılmaqda olan Regional Peşə Tədris Mərkəzində əlilliyi olan şəxslərin də peşə hazırlığının təşkili, habelə bu təbəqədən olan şəxslərin maneəsiz hərəkət imkanlarına malik olmaları üçün lazımi şərait yaradılır. Eyni zamanda mütəmadi olaraq əlilliyi olan şəxslərin işlə təmin olunmasına yardım etmək məqsədilə DMX tərəfindən bütün imkanlar araşdırılır, yeni layihələr, təkliflər irəli sürülür".

F.Talıbov qeyd edib ki, nazirlik tərəfindən icra edilən və BMT-nin İnkişaf Proqramı tərəfindən dəstəklənən “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsinin tərkib hissəsi olaraq cari ildə 500 nəfər əlilliyi olan şəxslərin özünüməşğulluğunun təşkili nəzərdə tutulub.

"Hesabat dövründə bununla bağlı ölkənin 12 rayon və şəhəri pilot olaraq seçilib, əlilliyi olan şəxslərin proqrama cəlb edilməsi istiqamətində işlərə başlanılıb. Proqram namizədlərin sahibkarlıq barədə biliklərinin qiymətləndirilməsi və seçilməsi ilə başlanır. Seçiləcək 700 namizədə sahibkarlıq haqqında məlumatlar veriləcək və iqtisadi cəhətdən əlverişli və davamlı biznes planları hazırlamaq üçün pulsuz təlim kursları təşkil ediləcək.
Təlimi uğurla başa vurmuş və iqtisadi cəhətdən dayanıqlı biznes ideyası hazırlamış 600 namizədə müfəssəl biznes planın hazırlanmasında, eləcə də biznesə başlamaq üçün tələb olunan avadanlıqların və xammalın texniki xüsusiyyətlərinin müəyyən olunmasında dəstək göstəriləcək. Ən yaxşı biznes plana malik 500 namizədə yeni biznesin qeydiyyatdan keçirilməsində dəstək göstəriləcək və onlar natura formasında qrantla təmin olunacaqlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) layihənin icraçı orqanı kimi çıxış edir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) layihə üzrə texniki yardım, potensialın inkişaf etdirilməsi və əməliyyət dəstəyi göstərir".

F.Talıbov qeyd edib ki, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BP-British Councilin birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın ikinci fazasına başlanılıb. Belə ki, proqramın ilk fazasında 100-ə yaxın əlilliyi olan şəxs iştirak edib, ikinci fazada isə daha 100 nəfər əlilliyi olan şəxsin məşğulluq imkanlarının inkişaf etdirilməsinə yönəlmiş tədbirlər həyata keçiriləcək:

"Layihə iştirakçılarının potensial keyfiyyətli işçi qüvvəsi kimi müxtəlif müəssisələr tərəfindən tanınmasına dəstək göstəriləcək. İştirakçılara ingilis dili, kompüter bacarıqları, sosial bacarıqlar tədris olunacaq, psixoloji konsultasiyalar aparılacaq. Həmçinin xüsusi iş sahələri üzrə (sosial media, vergi, audit, insan qaynaqları və s.) menecerlərin hazırlanması məqsədilə təlimlər keçiriləcək. Müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflər və biznes müəssisələri də tərəfdaş qismində layihəyə cəlb ediləcək. Proqramı uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcək. Ən başlıcası, iştirakçılar təlimlərdən faydalanaraq öz gələcək karyeralarını uğurla qurmaq imkanı qazanacaqlar. Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamın icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri üzrə əlilliyi olan şəxslər üçün 10 yeni peşə-sosial reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulur. Bu mərkəzlərdə qeyd edilən kateqoriyadan olan vətəndaşların peşə-əmək reabilitasiyası, onların yeni peşə bacarıqlarına yiyələnmələri, özünüməşğulluğunun, əmək bazarına çıxışının dəstəklənməsi, habelə cəmiyyətə fəal inteqrasiya imkanlarına malik olmalarına şərait yaradılması istiqamətində işlər aparılacaq".

Femida.az

Açar sözlər: #əlil  

Oxunub: 347