Qızdırma dərmanı: Azərbaycan-İsrail münasibətləri hədəfdə


17:08     10 Noyabr 2015 a3ec9b8ee5.png

“Bu cür yalan xəbərlər Azərbaycan -İsrail münasibətlərindən narahat olan qüvvələr tərəfindən gündəmə gətirilir”


Son günlər sosial şəbəkələrdə ölkəyə İsraildən gətirilən “Paracetamol” həbləri müzakirə olunur. Sosial şəbəkələrdə yayılan bu məlumat insanların şəxsi mesaj bölümlərinə də göndərilir. Yayılan məlumatda qeyd edilir:

"İsraildə istehsal olunmuş və hazırda satışda olan "Parasetamol" dərmanlarının tərkibində dəmirdən nazik və zəhərli sim var. Bu isə ölümə səbəb olur. Çox xahiş edilir ki, həbləri istifadə etməmişdən öncə onu sındırın və həblərin simsiz olduğundan əmin olun".

Bir sıra xəbər saytları da həmin xəbəri şəkillə birlikdə yayımlayıb. Qeyd edək ki, hazırda ölkəmizə bu həblər daha çox Rusiyadan gətirilir. “Paracetamol”un əsas istehsalçısı isə Amerikadır. Məlumat üçün bildirək ki, “Paracetamol” həbləri soyuqdəyməyə qarşı effektli mübarizə üsullarından biridir. Qrip, soyuq dəymə, qızdırma və boğaz ağrısı zamanı istefadə edilən, “Paracetamol” orqanizmə tez və zərərsiz təsir göstərən dərman pereparatıdır. Onun həbləri ABŞ-la yanaşı Rusiya, Hindistan və bəzi Avropa ölkələrində istehsal edilir ki, bu istehsalatlarda xüsusi nəzarət altındadır.

Onu da qeyd edək ki, Azərbaycana gətirilən dərman pereparatları Səhiyyə Nazirliyi tərəfindən yoxlanılır. Satışa zərərli və ya tərkibi dəyişdirilmiş dərmanlar buraxılmır. Şəhərdə bir neçə aptekdə də bu həblərin haradan gətirilməsi ilə bağlı maraqlandıq. Satışda yalnız Rusiyadan gətirilən “Paracetamol” mövcud idi. Səhiyyə Nazirliyi ilə də mövzuyla bağlı əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, bu xəbərlər təxribatdan başqa bir şey deyil.

Bəs görəsən, bu cür yalan məlumatların yayılması nə məqsəd güdür?

Vaad L Hatzolas-Amerika Yəhudiləri Təşkilatıın Mətbuat Katibi Murad Salmanov da bu cür yalan məlumatların yayılmasından narahat olduğunu bildirdi:

“Öncəliklə bildirmək istəyirəm ki, bu xəbərlər dezinformasiyadan başqa bir şey deyil. Bu cür yalan xəbərlər Azərbaycan -İsrail münasibətlərindən narahat olan qüvvələr tərəfindən gündəmə gətirilir. Bu gün Azərbaycan- İsrail arasında olan dostluq münasibtləri bütün dünyaya nümunədir. İsrail və yəhudi lobbisi hər bir sahədə Azərbaycanı dəstəkləyir. Xüsusilə Qarabağ problemi və Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində yəhudi lobbisi əvəssiz rol oynayır. Əlbəttə, dövlətimizin İsraillə olan münasibətlərinə qısqanclıqla yanaşanlar mövcuddur. Yalan informasiyalar vasitəsi ilə bu dostluq münasibətlərinə xələl gətirmək istəyirlər. İsrail ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi tibb sahəsində də güclü münasibət mövcuddur. Bildiyimiz kimi, İsrail tibb sahəsində dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Azərbaycanda İsrail ilə bu sahədə də güclü əməkdaşlıq edir. Lakin İsraildən Azərbaycana "Parecetamol" idxal olunmur . Bu dərman preparatları Azərbaycana müxtəlif ölkələrdən idxal olunur və bu sahədə dövlət nəzarəti vardır. İsraildən Azərbaycana keyfiyyətsiz dərmanların gətirilməsindən söhbət gedə bilməz. Bu cür informasiyalar əhali arasında İsrailə qarşı neqativ münasibət yaratmaq, dostluq və qardaşlıq münasibətlərinə zərər vurmaq məqsədi daşıyır. Azərbaycan-İsrail münasibətləri güclü təməllər üzərində qurulmuşdur. Belə dezinformasiyalar bu münasibtlərə xələl gətirə bilməyəcək”.

Maraqlıdır ki, bəzi əczaçılar hesab edirlər ki, qeyd olunan məlumatın yayılmasında əsas məqsəd İsraili deyil, məhz "Paracetamol"u "vurmaq"dır. Çünki kifayət qədər ucuz olan bu preparat effektiv və ucuz vasitələrdən biri kimi bahalı antibiotik və digər preparatların satışını əngəlləyir.

Nüşabə
Femida.az

Açar sözlər:

Oxunub: 21986