“İki nazir müavini ifadə verməlidir”- MƏHKƏMƏDƏ ŞOK


21:01     10 Noyabr 2015 mehkeme%20zali%20(1)9.jpg



Femida.az xəbər verir ki, Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ağayev Teymur İmran oğlunun və onun həyat yoldaşı Zülfiyyə Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


O, Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsi (dələduzluq) təqsirli bilinir.Teymur Ağayev özünü “Dünya bank”-ın əməkdaşı kimi təqdim edərək, Bayram Abdullayev, Zakir Məmmədov və Mirişov Mirqocadan külli miqdarda pul almaqda ittiham olunur.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin tərkibinə etirazın olub-olmadığını dəqiqləşdirdikdən sonra tərəflərin dindirilməsinə başlanıldı.
Təqsirləndirilən şəxs çıxışa başlayarkən dövlətin ona verdiyi vəkildən imtina etdiyini bildirdi və səhhətindəki problemlərlə bağlı məhkəmənin təxirə salınmasını xahiş etdi. Hakim bunun yalnız tibbi yoxlama aparıldıqdan sonra mümkün olduğunu qeyd etdi.

Bundan sonra dövlət ittihamçısı təqsirləndirilən şəxsə bir neçə sualla müraciət etdi.

Prokuror: Siz özünüzü bu işlə bağlı təqsirli bilirsinizmi?

Təqsirləndirilən şəxs: Xeyr

Prokuror: Siz özünüzü Dünya bankın hüquqşünası kimi təqdim edib, vətəndaşlardan pul almısınızmı?

Təqsirləndirilən şəxs: Mən heç vaxt özümü o bankın hüquqşünası kimi təqdim etməmişəm. İndi burada mənim üzümə durub, mənə şər atan Zakir Məmmədov özü mənə pul borcludur. Bütün işlərin başında o dayanır.

Prokuror: Siz Zakir Məmmədovla necə tanış olmusunuz?

Təqsirləndirilən şəxs: Onunla 2009- cu ildə tanış olmuşuq. Bizi Alıyev Qurban adlı tanışımız əlaqələndirmişdi. Onunla birgə “Hünər” adlı mühafizə şirkəti yaratmışdıq. O vaxtdan da, tanış idik.

Prokuror: Siz ittiham aktında qeyd olunan 170.000 manat barədə nə deyirsiz? Siz onlardan bu pulu almısınız?

Təqsirləndirilən şəxs: Bu tamamilə uydurma bir ittihamdır. Əksinə onların mənə 170.000 manat borcu var. Bu gün burada mənə qarşı çıxış edən Mirişov Mirqoca qohumunun işə düzəldilməsi adı ilə məndən o pulu aldı. Sonra razılaşdıq ki, həmin adam işə düzələndən sonra pulumu qaytarsın. Bütün bunları sübut edən videogörüntülər və səs yazıları var. Hamısını məhkəməyə təqdim etmişəm.Bu işlə bağlı iki nazir müavini buraya dəvət edilməlidir. Onlar məsələnin əslində necə baş verdiyi deyər.

Bundan sonra təqsirləndirilən şəxsin həyat yoldaşı məhkəmədə ifadə verdi.
O, bu ittihamın qondarma olduğunu və qarşı tərəfin onlara şər atdığını bildirdi.
Hakim növbəti məhkəmə prosesini noyabrın 24-nə təyin etdi. Növbəti prosesdə hadisənin şahidləri və zərərçəkmiş şəxslər ifadə verəcək.

Xatırladaq ki, təqsirləndirilən şəxs Ağayev Teymur İmran oğlu I qrup Qarabağ əlilidir. Bu onun ilk həbsi deyil. Bundan əvvəl o 4 dəfə məhkumluq həyatı yaşayıb.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 4687