Qızıl bəzək əşyalarının ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb


16:29     14 Avqust 2019 2019/08/a29e9b45-853a-4390-a9b7-3a11a6829aee_1565784388.jpg

Gömrük əməkdaşları külli miqdarda qızıl bəzək əşyalarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz E240" markalı avtomobil saxlanılıb və həmin şəxs sorğu-sual olunub.

Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin avtomobilə gömrük baxışı zamanı minik maşınının mühərriki saxlayan hissəsində 1 ədəd bağlamada qızıl-zinət əşyaları aşkarlanıb.

Daha sonra avtomobilə baxış davam etdirilib və minik maşınının kondisionerinin iş rejimini təşkil edən hissəsində də 1 ədəd bağlamada qızıl-zinət əşyaları aşkar olunub. Eyni zamanda, mühərrikin qapağı açılaraq orada da silindir şəklində olan əşyanın içərisində 1 ədəd bağlamada qızıl-zinət əşyalarının saxlandığı müəyyən edilib.

Beləliklə, aşkar olunan malların qızıldan hazırlanmış 101 ədəd kulonla birlikdə boyunbağı, 50 ədəd tək boyunbağı, 115 ədəd qolbaq, 489 cüt sırğa, 227 ədəd üzük, 9 ədəd sırğa-üzük dəsti, 60 ədəd üzük-sırğa-kulon dəsti, 166 ədəd kulon, 3 ədəd saat, 1 ədəd üzük-bilərzik dəsti, 10 ədəd sancaq və 1 ədəd sırğa-kulon-boyunbağı dəsti olduğu müəyyən edilib.

Bu zərgərlik məmulatının qablaşdırılması ilə birlikdə ümumi çəkisi isə 4148 qram təşkil edib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 431