Afaq Bəşirqızının doğum günüdür

Afaq Bəşirqızının doğum günüdür


11:03     15 Avqust 2019 2019/08/1531984939_photo-8_1565852658.jpg


Afaq Bəşirqızı kimi tanınan xalq artisti Afaq Səfərovanın doğum günüdür. Azərbaycanın görkəmli teatr və kino aktrisasının 64 yaşı tamam olur.


Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub.

1962-ci ildə 31 saylı orta məktəbin 1-ci sinifinə gedib və 1972-ci ildə 20 saylı orta məktəbi bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə verib, lakin müsabiqədən keçməyib.

Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə gedib. 1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı bugünə kimi həmin teatrda çalışır.

O, uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışıb və həmin Universitetin professor elmi adına layiq görülüb.

Afaq Bəşirqızının Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib, 17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb. 2013-cü ildə "Şöhrət” ordeni, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, eləcə də "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Açar sözlər: #Afaq_Bəşirqızı  

Oxunub: 773