Atambayevin xanımı jurnalistlər qarşısına çıxdı


15:24     16 Avqust 2019 19_08_16_1565953400.jpg

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin həyat yoldaşı Raisa Atambayeva jurnalistlər qarşısında çıxış edərək ərinin həbsindən sonra baş verənlərdən danışıb.


Femida.az "Sputnik"ə istinadən xəbər verir ki, Atambayeva Ala-Arça dövlət iqamətgahındakı mənzilin möhürləndiyini, 2002-ci ildə yaradılan ailə hesabının dondurulduğunu açıqlayıb.

Atambayeva hakimiyyətin indi yaşadıqları yeganə evi möhürləyəcəklərindən qorxduğunu dilə gətirib.

Daha sonra eks-prezidentin xanımı bildirib ki, ona və iki yaxın ailə üzvünə qarşı da cinayət işi açılıb: “İndi öyrəndim ki, Arabayevin işində mənə qarşı cinayət işi açılır. Heç vaxt hakimlərin işinə qarışmamışam. Hətta hansı məhkəmənin harada olduğunu bilmirəm, heç bir hakimi tanımıram. Siyasətin çirkli bir iş olduğunu bilirdim və çalışmışam heç vaxt qarışmayım".

Raisa Atambayevanın sözlərinə görə, ərinin həbsindən sonra ailə üzvləri, yaxın qohumları təqib edilir, hətta böyük oğlu Seyitbəy Atambayev vəhşicəsinə döyülüb: “Oğlumu hər gün dindirilməyə çağırırlar. Onun qayınatasının evinə 10 polis girib və heç bir səbəb göstərmədən evi alt-üst edərək axtarış aparıblar”.

Məlumat üçün bildirək ki, Atambayevanın qeyd etdiyi “Arabayev işi” Prezident Aparatının məhkəmə islahatı və qanunilik şöbəsinin sabiq rəhbəri Manas Arabayevlə bağlıdır. Belə ki, Arabayev bu ilin yayında korrupsiyada şübhəli bilinərək saxlanılmışdı. O, istintaqla əməkdaşlığa razılıq verdiyinə görə ev dustaqlığına buraxılıb.

Açar sözlər:

Oxunub: 150