Arvadını və uşağını yandıran kişi 3 dəfə evli olub - Təfərrüat

Arvadını və uşağını yandıran kişi 3 dəfə evli olub - Təfərrüat


14:17     19 Avqust 2019 19_08_19_1566209949.jpg

Xəbər verdiyimiz kimi, ötən gün Şəmkirin Sarıtəpə kəndində Dəllərcəyir kənd sakini Elmar Məsimov ailə münaqişəsi zəminində keçmiş qayınanasına məxsus evi yandırıb. Yanğın zamanı evdə onun 24 yaşlı boşandığı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı eks qaynanası olub. Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və onun 2 yaşlı övladı aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.


Femida.az xəbər verir ki, baş vermiş faciənin təfərrüatları barədə Azvision.az-a danışan Sarıtəpə kəndinin icra nümayəndəsi Qiyas Cəfərov bildirib ki, 3 il əvvəl ailə quran Mətanət Məsimova ona fiziki zorakılıq göstərdiyini əsas gətirərək həyat yoldaşından ayrılıb.

“Elmarla Mətanət ailələrinin razılığı ilə evlənmişdilər. Ancaq rəsmi nikahları olmayıb. Oğlanın əlinin sənəti, peşəsi yoxdur. Fəhləlik edirdi. İçki içən, həyat yoldaşına əziyyət verən adam olub. Təxminən 4-5 ay bundan öncə Mətanət ərinin şiddətlərindən bezərək anasıgilə gəlmişdi. Əri dəfələrlə onu özü ilə aparmaq, barışmağa çalışırdı. Qız gözü qorxduğu üçün geri qayıtmadı".



İcra nümayəndəsinin sözlərinə görə, M.Məsimovanın ailəsi Elmardan polisə şikayət edərək, onları narahat etdiyini bildirmişdilər: "Hadisənin baş verdiyi gecə təxminən saat 3-ün yarısında Elmar onlara gəlib və həyat yoldaşının üstünə benzin töküb. Mətanət yuxudan ayılıb, çölə qaçmaq istəyəndə onu buraxmayıb. Daha sonra bütün evi benzinlə yandırıb. Mətanət və anası yana- yana çölə qaçıblar. Evi tamamilə alov bürüyəndən sonra uşaq yadlarına düşüb. Ancaq onu heç cür xilas etmək mükün olmayıb. Uşağın cəsədini hüquq- mühafizə orqanları tapıb bizə verdi, dəfn etdik. Gəlinin meyiti isə rayona gətirilir”.

Q. Cəfərov qeyd edib ki, M.Məsimovanın atası xəstədir, bacısı isə qonşu kənddə yaşayır: "Qardaşı yenicə əsgərlikdən gəlib. Yas məclisini kənd camaatı idarə edir. Heç kimləri yoxdur. Oğlan evindən isə kimsə gəlib maraqlanmayıb”.



Dəllərcəyir kəndinin bələdiyyə sədri Şaban Həsənov Azvision.az -a açıqlamasında deyib ki, Mətanət Məsimov Elmar Məsimovun 3-cü həyat yoldaşı olub.

“Oğlanın sanki psixoloji problemi var idi. Ailəsi normal olmayıb. Anası Bakıda yaşayır. Onun əvvəlki yoldaşından olan uşaqlarını anası saxlayır. Bu, üçüncü nikahıdır. Elmarın anası ilə də davaları olurdu, Ailə münasibətləri normal deyildi”.

Femida.az

Açar sözlər:

Oxunub: 214