Ata oğlunun attestatını gizlədib oxumasını istəmədi - Övladı oxumaq üçün evi tərk etdi


11:54     20 Avqust 2019 19_08_20_1566287557.jpg


Azərbaycan Dillər Universitetində (ADU) attestatı olmayan abituriyent tələbə adına layiq görülüb.

Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib:

"Orxanın 18 yaşı var. Orxan öz savadı, öz istəyi və öz əzmi ilə ADU-nun Tərcümə (rus-fransız) fakültəsinə qəbul olub. Orxanı digərlərindən fərqləndirən, bizi isə üzəcək bir məqam var idi. “ATA”sı Orxanın attestatını gizlədərək onun təhsil almasına mane olmaq istəyirdi. Orxanla kiçik də olsa dialoqumuz oldu. Deyir ki, mən ixtisas seçimi edib gedib evdə dedim ki, kodlaşdırmanı etmişəm. Atam isə dedi sən universitetə qəbul olmayacaqsan. Əgər olsan bizlə yaşamayacaqsan! Avqustun 8-i nəticələr açıqlananda isə atası yenidən eyni şeyi deyib. Orxan isə cavabında mənim heç sənə ehtiyacım yoxdur deyərək evi tərk edir. Orxan attestatı ilə bağlı polisə müraciət edib, atası isə cavabında Orxanı şikayət etməyə cəhd edib ki, evdən sənəd oğurlayıb. Hə bu arada özündən böyük qardaşları da təhsil almayıb, amma danışığından belə başa düşdüm ki, qardaşları ona əks mövqedə deyillər. Orxan ödənişli əsaslarla universitetə qəbul olub ödənişi isə 1000 manatdır. Deyir mənə lazım deyil heç o. Öz maaşım 400 manatdır və hər ay 84 manat yığsam mən təhsil haqqımı toplaya bilirəm. Bəli, şəkildə gördüyünüz kimi biz Orxanı qeydiyyatdan keçirdik. Təhsil Nazirliyi və Azərbaycan Dillər Universiteti də öz dəstəyi ilə Orxanın yanında oldu. Amma Orxanın əzmi, iradəsi, təhsil almaq eşqi hər şeydən üstündür. Belə gənclərimiz olduqca günəşli günlər görəcəyik. Övladlarının təhsil almağının, savadlı olmağının qarşısını alan “valideynlər” isə sadəcə cəmiyyətimiz üçün üz qarasıdır! Savadsız, kütbeyin, dar düşüncəli və vətəndaş, valideyn adına layiq olmayan insancığazlar!".


Femida.az xəbər verir ki, Orxan Bağızadə özü də məsələyə aydınlıq gətirib. O, ailədaxili problemlər zəminində təhsil hüququndan məhrum edilməsindən danışıb.

Tələbə qeyd edib ki, atası ona təhsil almağa icazə verməyəcəyini dəfələrlə deyib. Amma tərcümə sahəsi üzrə təhsil almaq arzusunda olan O.Bağızadə atasına bildirib ki, onu təhsil almaq hüququndan məhrum etməyə haqqı yoxdur və tevi tərk edib:

“Mən evdən çıxanda doğum haqqında şəhadətnaməni, hərbi bilet götürsəm də, attestatımı əldə edə bilmədim. Mənə dedilər ki, attestat onlarda deyil. Ona görə də, attestatla bağlı bir az problem var və hazırda attestat itmiş sayılır”.

O.Bağızadə attestat olmadan universitetə qəbul olmasından da danışıb. Onun sözlərinə görə, bu işdə Təhsil Nazirliyinin, xüsusilə də nazir müavini Firudin Qurbanov və nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun böyük rolu olub. Onlar tələbənin probleminin müsbətə doğru həll olunmasında mümkün variantların hər birindən istifadə ediblər. Tələbə onu da əlavə edib ki, ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərovanın da bu məslədə böyük dəstəyi olub. Adları sadalanan şəxslərin yardımı ilə attestatsız şəkildə ali təhsil müəssisəsinin tələbəsi adını qazanan O.Bağızadə ona yardım edən hər kəsə dərin minnətdarlığını bildirib.

O.Bağızadə təhsilə olan marağı və gələcək planlarından da söz açıb. O, qeyd edib ki, ali təhsil alamağa uşaqlıqdan həvəsi olub və heç vaxt hazırlıq kurslarına getməyib, ev şəraitində hazırlaşıb. Hətta çalışmağına baxmayaraq, gecədən səhərə kimi dərsləri ilə məşğul olub. O, bundan sonra da təhsili ilə işini paralel aparmağı hədəfləyir. Tələbəmiz təhsil haqqını ödəməklə bağlı da pozitiv düşüncədədədir. O, vurğulayıb ki, iki qardaşı var və əl-ələ verib təhsil haqqını ödəmək iqtidarındadırlar.

Tələbə sonda Təhsil Nazirliyinə, Bakı Şəhər Baş Təhsil İdarəsinə, eləcə də Dillər Universitetinin rəhbərliyinə və ali məktəbin Tələbə Qəbul Komissiyasına təşəkkürünü bildirib.

Femida.az

Açar sözlər: #təhsil   #tələbə   #ata   #övlad   #ADU  

Oxunub: 1440