Azərbaycan bankının müştərilərinə hədəflənən fişinq kiber-hücum cəhdləri qeydə alınıb


15:33     24 Avqust 2019 bank18iyul.jpg

“Bank of Baku” ASC-nin müştərilərinə hədəflənən fişinq xarakterli kiber-hücum cəhdləri qeydə alınıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən (KİMM) verilən məlumata görə, naməlum hakerlər tərəfindən "Facebook" sosial şəbəkəsində reklam kampaniyasının yayımlanması məqsədilə müxtəlif səhifələr yaradılıb, səhifənin loqotip hissəsində
"Bank of Baku"nun rəsmi loqotipi yerləşdirilib, məzmununda isə həmin bankın reklam kampaniyalarında istifadə etdiyi fotoşəkillərə oxşar şəkillər yüklənərək üzərində həqiqətə
uyğun olmayan müxtəlif cəlbedici vədlər qeyd edilib. Reklam kampaniyasında istifadə olunan paylaşımda "Bank of Baku" ASC-nin "Instagram" sosial şəbəkəsindəki səhifəsi barədə məlumatlar yer alsa da, üzərinə klik etdikdə müxtəlif adlı domenlərdə fəaliyyət göstərən "fişinq" məzmunlu saytlara keçid təyin edilib (www.bankoffbaku.com).
Qeyd olunan saytlar KİMM tərəfindən Azərbaycan vətəndaşlarını mümkün kiber-təhdidlər barədə məlumatlandırmaq məqsədilə yaradılan "Qara siyahı" (blacklist.gov.az) xidmətində qara siyahıya salınıb. Vətəndaşlardan yalnız müvafiq banka məxsus internet informasiya ehtiyatlarından, mobil tətbiqlərdən istifadə etməyi tövsiyə edir, oxşar hallarla qarşılaşdıqları halda KİMM-ə məlumat vermələrini xahiş olunur.

Açar sözlər:

Oxunub: 428