Reket jurnalistlərin məhkəməsində ŞOK


22:31     11 Noyabr 2015 1%20(1)2.jpg



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şantajda təqsirləndirilən jurnalistlər Şahin Orucov və Cəlil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Femida.az-ın lent.az-a istinadən verdiyi məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Həsənqulu Quliyev ifadə verib. O, mühakimə olunan şəxsləri hadisə zamanı tanıdığını bildirib: “Tarix yadımdan çıxıb, qardaşım Vasif mənə zəng vurub dedi ki, obyektə 2 qadın gəlib. Kafeyə gəldim, özlərini jurnalist kimi təqdim edən 2 qadını gördüm. Bu vaxtı Şahin gəldi. Şahin mənə kafe ilə bağlı şikayət olduğunu, onunla bağlı araşdırma apardıqlarını qeyd etdi. Mən məsələnin nə olduğunu anlamadım. Şahini və yanında gələn qadın jurnalistləri çay süfrəsinə dəvət etdim. Şahin mənə bildirdi ki, dünən burda çəkiliş olub. Qardaşım Vasifdən bunun nə məsələ olduğunu soruşdum. O, isə dünən iki şəxsin kafeyə gəldiyini, özlərini polis kimi təqdim etdiklərini dedi. Həmin çəkilişi Şahin göstərdi. Gördüm ki, elə də ciddi bir şey deyil”.

Zərərçəkən şəxs kafedəki görüntüləri çəkən şəxslərin özlərini polis kimi təqdim etdiyini bildirib: “Şahin Cəlillə Təbrizi kafeyə gətirdi. Bu zaman qardaşım Vasif bunları görəndə dava saldı. O bildirdi ki, bu şəxslər ilk bura gələndə özlərini polis kimi təqdim ediblər. Mübahisə yarandı, bu zaman Təbriz çəkiliş çəkən qələmlə bizi çəkdi. Şahinə dedim ki, qardaşım Qarabağ və Əfqanıstan əlilidir, gəlin bunları barışdıraq. Şahin mənə kömək edəcəyini dedi. Əvvəllər də tanıdığım bir qadın jurnalist vardı. Zöhrə xanıma zəng edib, ona məsələni bildirdim. O, da köməklik edəcəyini dedi. Hirsim soyumadı, bu barədə polis bölməsinə də məlumat verdim. Oradan mənə dedilər ki, onlar necə sənin obyektini çəkib şantaj edirdilərsə, sən də onların səsini yaz. Mən Şahinə zəng elədim ki, uşaqların hamısı yığ gətir, qoyun kəsmişəm, yeyək-içək. Şahin razılaşdı. Gəldilər. Telefonumu çıxardım stolun üstünə qoydum. Səslərini yazmağa başladım. Şahin mənə dedi ki, danışmışam, bir az hörmətlərini elə, hər şey düzələr”.

Həsənqulu Quliyev Təbriz Dəmirovun barışmaq üçün 5 min manat pul tələb etdiyini dilə gətirib: “Zöhrə mənə bildirdi ki, 5 min manat istəyirlər. Mən buna etiraz etdim. Şahinə dedim ki, gedin söhbət edin, əlil adamdan bu boyda pul istəməzlər. Şahin Cəlil və Təbrizi çölə çıxartdı. Sonra gəldilər, Şahin onlardan xahiş etdiyini və 3 min manatdan aşağı düşmədikləri bildirdi. Çölə çıxıb bölməyə bu barədə məlumat verdim. Dedilər, bir az pul ver, qalan hissəsini 2 gün sonra al, qalanından narahat olma. Fikir verirdim ki, pul söhbətlərində ancaq Təbriz dirəşir. Mən heç Cəlilin səsini eşitməmişdim. Vasifə tapşırdım ki, get, 1000 manat pul gətir. Pul gəldi, stola qoydum ki, götürün. Heç biri pulu götürmədi. Təbriz dedi, Zöhrə xanım, sən götür, yolda bizə verərsən. Zöhrə pulu götürdü”.
Zərərçəkən şəxs iki gündən sonra onları yenidən pulu götürmək üçün kafeyə çağırdığını deyib: “Çağırdım, bircə Şahin gəlmişdi. Qardaşım bölmədən 1000 manat götürüb gəldi. Biz Şahinlə çay içirdik. Pulu stolun üstünə qoydum. Şahin pulu götürüb, sənədlərin arasına qoydu. Bu zaman polislər içəri girib, Şahini tutdu”.
Həsənqulu Quliyev təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını bildirib: “Mənim bunlardan heç bir şikayətim yoxdur. Şahin vasitəçilik edib, Cəlilin isə səsini belə eşitməmişəm. Mənim əsl şikayətim Təbrizdəndir. Mən birinci verdiyim 1000 manatın geri qaytarılmasını tələb edirəm. Maraqlanmışam, Zöhrə də təsdiq elədi ki, pulun hamısı Təbrizdədir. Cəmi 50 manat Zöhrəyə verilib. O, heç. Qalan pulumu tələb edirəm”.
Zərərçəkən şəxs hakim və prokurorun suallarını cavablandırıb. Bildirib ki, həmin görüntülərdəki qızlar kafenin işçiləri deyil, müştəriləri olub: “Diskoteka olub, ora kişilərlə yanaşı, qadınlar da gəlib əylənir”.
Zərərçəkən şəxsdən sonra Sumqayıt şəhər Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşı Fariz Əlizadə ifadə verib. O, ifadəsində şikayət üzrə kafeyə gedib, axtarış etdiklərini bildirib: “Əməliyyata şöbənin rəisi başçılıq edib. Şahin Orucovu şübhəli şəxs qismində saxlamışıq. Bu zaman onun üzərindən 2 flaşkart, sənədlər, sənədlərin içində isə 1000 AZN pul aşkarlanıb. Axtarış hal şahidlərinin iştirakı əsasında aparılıb”.
Polis əməkdaşının ifadəsindən sonra Əli ƏIiyev ifadə verib. O, ifadəsində Sumqayıt şəhərində mühafizəçi işlədiyini bildirib: “Kafenin yanından keçirdim. Polis məni çağırdı ki, hal şahidi ol. Mən birinci başa düşməsəm də, izah olundu. Polis axtarış zamanı flaşkart və 1000 manat pul çıxardılar”.
Cəlil Səmədovun vəkili məhkəmədə vəsatətlə çıxış edib. O, vəsatətində bildirib ki, cinayət işində Cəlil Səmədovla Şahin Orucov haqqında üzləşmə protokolu var: “Cənab məhkəmə bu protokol olsa da, təqsirləndirilən şəxslər üzləşməyib. Xahiş edirik ki, bu məsələ araşdırılsın və müstəntiq məhkəməyə gələrək ifadə versin”.
Hakim həmin protokolda hər iki təqsirləndirilən şəxsin imzası olduğunu bildirib və imzalar həmin şəxslərə göstərilib.
Hakimlər yerində müşavirə edərək, vəsatəti təmin etməyiblər.
Azad Məcidov məhkəmə istintaqın başa çatdığını bildirib. Söz çıxış üçün dövlət ittihamçısına verilib. Prokuror çıxışa hazır olmadığını bildirərək, məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi noyabrın 18-də davam edəcək.
Qeyd edək ki, Təbriz Dəmirov, Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhəri ərazində yerləşən “Metalurq” adlı kafedə əxlaqsızlıq yuvası təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək, özlərini polis kimi təqdim edib, video-görüntülər çəkiblər. Sonradan bu çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər.
Şahin Orucov “Kriminal və bəşəriyyət” qəzetinin təsisçisi, Cəlil Məmmədov “Korrupsiya və qanun” qəzetinin baş redaktorun birinci müavini, Təbriz Dəmirov isə müstəqil jurnalist olub.
Təbriz Dəmirov istintaqdan yayınaraq, ölkədən qaçıb. Onun barəsində axtarış elan edilib.
Hər iki şəxs Cinayət Məcəlləsinin 182 (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham olunurlar.

Açar sözlər:

Oxunub: 1301