Prezident Allahşükür Paşazadəni təbrik etdi
10:42 26 Avqust 2019
Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni təbrik edib.
Femida.az-ın xəbərinə görə, təbrikdə deyilir:
"Hörmətli Şeyx həzrətləri,
Sizi anadan olmağınızın 70, şeyxülislamlıq fəaliyyətinizin 40 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı Siz həm dini rəhbər, həm də ictimai xadim kimi həmişə yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmisiniz. Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması sahəsində səmərəli xidmətlər göstərmisiniz.
Siz bütün həyatınız boyu cəmiyyətdə yüksək əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olması yolunda əzmlə çalışmış, xalqımızın mənəvi sərvətlərinin qorunub saxlanması istiqamətində uğurlu fəaliyyət göstərmisiniz. Şeyxülislamlıq fəaliyyətiniz dövründə bir sıra ilklərə imza atmısınız. Xüsusilə müqəddəs kitabımız Qurani-Kərimin tərcüməsinin təşkil olunması və nəşr edilməsi, Aşura mərasimləri zamanı qanvermə aksiyalarının keçirilməsi, ölkəmizdə vəhdət namazı ənənəsinin dirçəldilməsi məhz Sizin adınızla bağlıdır. Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin formalaşmasına verdiyiniz töhfələr də danılmazdır.
Sizin fəaliyyətinizdə təkcə Azərbaycanın deyil, həm də dini lideri olduğunuz bütün Qafqaz müsəlmanlarının problem və qayğılarının beynəlxalq ictimaiyyətə çatdırılması mühüm yer tutur. Siz daim müsəlman həmrəyliyi prinsiplərindən çıxış edərək İslam dünyasında törədilən qanlı hadisələrə öz etirazınızı bildirmiş, müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq təşkilatlar və böyük dövlətlər qarşısında məsələ qaldırmış, dünyada sülhə və əmin-amanlığa nail olunması istiqamətində ardıcıl fəaliyyət göstərmisiniz.
Müxtəlif konfessiyaların liderləri arasında böyük nüfuza malik şəxs kimi Siz bir çox beynəlxalq dini qurum və mərkəzlərin rəhbərliyində təmsil olunur, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun dərinləşməsinə sanballı töhfələr verirsiniz.
Hörmətli Şeyx həzrətləri,
Bu əlamətdar gündə Sizə uzun ömür, möhkəm cansağlığı, nəcib və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".
Femida.az
Oxunub: 432
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib