Allahşükür Paşazadə üçün yubiley günü - Şeyxülislamın 70 yaşı olur


10:37     26 Avqust 2019 19_08_26_1566801565.jpg


Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri, professor, elmlər doktoru Allahşükür Paşazadənin doğum günüdür. Femida.az xəbər verir ki, bu gün şeyxin 70 yaşı tamam olur.


O, 29 iyul 2003-cü ildə Qafqaz müsəlmanlarının Bakıda keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr - Şeyxülislam seçilib.

Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub. İlk dini təhsilini yerli din adamlarından alıb. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olub. Daha sonra Daşkənd İslam Universitetində təhsil alıb. 1975-ci ildə təhsilini başa vurduqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini kimi çalışıb. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib və Şeyx-ül-islam dərəcəsinə yüksəlib. 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvlüynə layiq görülüb. 15 noyabr 1988-ci ildə sülhsevərlik fəaliyyətinə görə, SSRİ-nin Xalqlar Dostluğu ordeni ilə təltif edilib. 1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilib.



A.Paşazadə Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib. Dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyəti sırasındadır. O, 1991-ci ildə Bakı İslam Universitetinin təsis edib. Aşura mərasimləri zamanı qan vermə aksiyasını başladıb.



Bütün Qafqazın şeyxi Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri, 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib. "Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurası"nın həmsədri, "Katolik-Pravoslav məzhəblərarası əlaqələr komissiyası"nın üzvü (2006), UNESCO yanında Din Xadimlərinin Yüksək Səviyyəli Məşvərət qrupunun üzvü (2009), BMT Dinlərarası Məşvərət Şurasının üzvü, Ümumdünya İslam Konqresi, Ümumdünya Xalq Rəhbərliyi, Ümumdünya Sülh Şurası, Avrasiya İslam Şurası, "Vicdana çağırış" Beynəlxalq Fondu və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəyasət heyətlərinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü (1986) və həqiqi üzvü (2001), Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvü, Beynəlxalq Fiqh Təşkilatının təsisçilərindən biri (2008), Müstəqil Dövlətlər Birliyi müsəlman dini liderlərinin Məşvərət Şurasının sədridir (2009).



Allahşükür Paşazadənin Azərbaycan dövlətçiliyinə bağlılığı xalqın ən ağır günlərində heç vaxt qopmayıb. 20 yanvar hadisələri zamanı bütün gündəlik proseslərə Şeyxülislam Hacı Allahşükür Paşazadə başçılıq edirdi. Həmin vaxt Milli Məclisin deputatı olan şeyx həm də siyasi xadim sayılırdı. 21 yanvarda SSRİ Ali Sovetinin Sədri Mixail Qorbaçova yazdığı məktubda qorxmadan, cəsarətlə "Bir dövlət başçısı kimi sizin imzanızla törənən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz" deyən A.Paşazadə bu ilin əvvəlində Rusiyada azərbaycanlılarla çeçenlər arasında yaşanan insidenti də sakitləşdirmişdi. Dərhal Çeçenistanın rəsmi dairələri ilə əlaqə saxlayan şeyx tərəflər arasında barışığa nail olmuşdu.



Qeyd edək ki, Prezidenti İlham Əliyev bu il “Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən hazırlanan Tədbirlər Planına əsasən regionlarda silsilə tədbirlərin həyata keçirilir.

Prezident bu gün allahşükür Paşazadəni təbrik edib və onu "Heydər Əliyev" ordeni ilə təltif edib.















Biz də Femida.az saytının kollektivi olaraq Şeyxülislamı təbrik edir, ona can sağlığı və işlərində uğurlar arzu edirik.

Femida.az

Açar sözlər: #AllahŞükür_Paşazadə   #islam   #Şeyxülislam  

Oxunub: 2207