MiQ-29 qəzasının pərdəarxası - "Qara qutu"nu incələyən komissiya üzvü DANIŞIR


16:05     26 Avqust 2019 2019/08/dfww_3133642214.jpg


MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğramasının ehtimal olunan səbəblərini araşdırmaq üçün Ordu.az Azərbaycan Hərbi Hava Qüvvələrinin keçmiş Baş inspektoru, pilot, qəzanın səbəblərini araşdıran komissiyaya müstəqil ekspert kimi cəlb olunan ehtiyatda olan polkovnik Viktor Mixayloviç Rassoxadan müsahibə alıb.

Femida.az ordu.az-a istinadən müsahibədən bəzi məqamları təqdim edir:


Rassox pilotla əlaqə kəsildikdən cəmi 12 saniyə sonra qəzanın baş verdiyini deyib:

"Qəza baş verənədək pilot ilə əlaqənin kəsildiyi müddət 12 saniyə çəkib. Qəzadan əvvəl pilot tam sağlam və gümrah səs ilə məruzə edib ki, “yuxarıdan, soldan hücuma keçirəm” (Təlim məqsədi ilə). Bundan sonra pilot qırıcının idarəetməsini itirir. Yəni onun dərhal huşunu itirməsini müşahidə edirik. Onun halı mərhələli şəkildə deyil, dərhal pisləşib. Bir vacib məqam da mövcuddur. O, huşunu tam olaraq itirməyib. O, hər iki əli ilə qırıcının idarəetmə dəstəklərindən tutmaqda davam edib. Lakin aktiv şəkildə təyyarənin idarə edilməsi müşahidə olunmur. O, sadəcə dəstəkləri tutub.

Əgər pilotun ən azı beş faiz huşu özündədirsə, o, idarəetmə dəstəyini heç vaxt əlindən buraxmır. Bu bir instinkt kimidir, yəni dəstəkdən əlini çəkdinsə, bu artıq ölüm deməkdir. Rəşadın dəstəyi tutması, lakin heç bir adekvat hərəkət etməməsi belə qərara gəlməyə imkan verir ki, xəsarət nəticəsində pilot huşunu tam olaraq itirməyib, huşu 5-10 faiz özündə olub. İlk saniyələrdə tam şəkildə olmasa da təyyarə ilə nəyinsə baş verdiyini qismən anlayır və bu hadisənin qabağını almaq üçün hərəkət etməyə çalışır. Sağ əli ilə dəstəyi özünə tərəf çəkməyə başlayır, sol əl ilə mühərrikin dövr sayını azaltmaqla, eyni zamanda əyləc qazı verməyə cəhd edir. Bunun hamısı çox doğru idi və dəqiq yerinə yetirilirdi, lakin bir məqam var idi. O, dəstəyi çox zəif şəkildə özünə tərəf çəkib. Görünür, dəstəyi sona qədər özünə çəkməyə onun fiziki gücü çatmayıb. Bu hərəkətlər cəmi 6 saniyə davam edib. Daha sonra isə pilotun əli dəstəkdən çəkilir, dəstək normalda olduğu kimi, bir-iki dəfə sərbəst irəli-geri hərəkətdən sonra öz yerini alır. Son 6 saniyə ərzində isə Rəşad huşsuz olub. Bunlar obyektiv nəzarət zamanı əldə olunan məlumatlardır. Mən heç vaxt bir faktor üzərindən hansısa nəticəyə gəlmirəm. Bu, bir neçə faktorun dərin təhlilindən sonra gəlinən qənaətdir".


Viktor Mixayloviç Rassox

Rəşadın huşunu nəyə göyə itirməsinə gəlincə isə, komissiya üzvü dəqiq versiya söyləməyin çətin olduğunu bildirir:

"Belə bir vəziyyətdə yalnız və yalnız versiyalar üzərində işləmək mümkündür. Burada bir neçə, həqiqətə uyğun olan və olmayan versiyalar mövcuddur. Biz hamısını nəzərdən keçiririk. Məntiqlə düşündük ki, pilotun huşunu itirməsinə səbəb quşdur. Çünki pilotu bu vəziyyətə yalnız orta ölçülü quş gətirə bilərdi. O, təyyarənin alın şüşəsinə dəyib. Bu vəziyyətdə ən yaxşı halda pilot güclü travma alacaq və ya yerindəcə həlak olacaq. Bütün bu hissə şüşədəndir. Hücum təyyarələri yerüstü hədəflərə qarşı birbaşa atəş zonasında işlədiyindən onların şüşələri zirehli olub müdafiə rolunu oynadığından daha davamlıdır. Onlara quş dəysə belə onu deşə bilmir. Qırıcılarda isə buna ehtiyac yoxdur, çünki onlar qeyri-atəş zonasında uçuşlar həyata keçirir. Təyyarənin konstruksiyası isə manevrlər etmək üçün maksimal yüngüllükdə hazırlanır. Buna görə də o hava döyüşlərindən salamat çıxa bilir. Buna görə də onlar zirehli şüşə ilə təmin edilmir. Qırıcıya isə bu lazım da deyil, buna görə də onlarda sadəcə davamlı şüşədən istifadə edilir. Lakin qırıcı şüşələri hücum təyyarələrinin şüşəsindən 10 dəfə zəifdir. Buna görə də qağayı kimi quş uçuş zamanı mərkəzi hissə ilə toqquşaraq şüşəni dəlib keçə bilər.

Femida.az

Açar sözlər: #MİQ29   #pilot   #qəza   #polkovnik  

Oxunub: 4818