Elvin İsayev cərimələndi, Azərbaycana göndəriləcək


21:55     26 Avqust 2019 19_08_26_1566839040.jpg

Azərbaycanda doğulan və özünü bloger adlandıran 39 yaşlı Elvin İsayev daha öncə də cinayət məsuliyyətinə cəlb olunub.

Bu barədə E.İsayevin vəkili Məhəmməd Həsənovun Oxu.Az-a təqdim etdiyi məhkəmə materiallarında bildirilir.

Qeyd edək ki, E.İsayev dünən, Petro-Slavyankada (Sankt-Peterburqun Kolpinsk rayonunun tərkibinə daxil olan qəsəbə - red.) yerləşən evinin yaxınlığında saxlanılıb.

E.İsayev "YouTube"da Milli Məclis deputatlarının və dövlət xadimlərinin ünvanına xoş olmayan və hörmətsiz ifadələr işlətməklə məşhurlaşıb.

Saxlanan şəxsə qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasına giriş qaydasını, yaxud ölkədə qalma rejimini pozması) üzrə ittiham irəli sürülüb.

Avqustun 26-da E.İsayevlə bağlı keçirilən məhkəmə zamanı azərbaycanlının Rusiya vətəndaşı olmadığı haqqında qərar qəbul edilib, onun 2001 və 2014-cü illərdə aldığı pasportlar etibarsız elan olunub.

"E.İsayev Rusiya Federasiyasının vətəndaşlığına qəbul haqqında bəyanatla lazımi qaydada Rusiyanın ərazisindəki səlahiyyətli orqanlara və bu ölkənin xaricdəki diplomatik nümayəndəliklərinə müraciət etməyib. Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə E.İsayevin Azərbaycan vətəndaşı olduğu bildirilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərar çıxarır ki, Azərbaycan vətəndaşı E.İsayev Rusiya Federasiyasının ərazisində xarici vətəndaşların ölkədə qalma rejimini kobud şəkildə pozub", - deyə məhkəmənin qətnaməsində bildirilir.

Sankt-Peterburqun Dzerjin rayon məhkəməsi 1980-cı il təvəllüdlü İsayev Elvin İltiham oğlunu inzibati qanun pozuntusunda təqsirli bilib və ona 5 min rubl dəyərində cərimə və ölkədən çıxarılma şəklində inzibati cəza təyin edib.

Hazırda E.İsayev Sankt-Peterburqda Xarici Vətəndaşların Müvəqqəti Saxlanması Mərkəzindədir və 10 gün ərzində məhkəmənin qərarı barədə şikayət edə bilər.

Açar sözlər:

Oxunub: 469