AMEA-nın nümayəndə heyəti Peruya dəvət edildi


10:24     29 Avqust 2019 2019/08/15670034332549224469_1000x669-800x445_517-(1)_1567059947.jpg

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Burada dünya elminin tələblərinə cavab verən, prioritet istiqamətlərdə araşdırmalar aparılır, dünyanın nüfuzlu elmi müəssisə və təşkilatları, eləcə də ali məktəbləri ilə çoxşaxəli əməkdaşlıq əlaqələri qurulur.


Femida.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətində Perunun Azərbaycandakı səfiri Mariya Milaqros Kastanyon Seoane ilə keçirilən görüşdə məlumat verilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Arxeologiya və Etnoqrafiya İnstitutunda görülən işlər, aparılan tədqiqatlar və qurumun beynəlxalq əlaqələrindən danışıb. Qeyd edib ki, institut 10 ildən çoxdur, arxeologiya sahəsində dünya təcrübəsinin öyrənilməsi məqsədilə müxtəlif ölkə alimləri ilə əlaqələr qurur, birgə qazıntılarda iştirak edir. Bu əlaqələrin nəticəsi kimi müxtəlif aspektli müqavilələr imzalanır: “Biz Perunun müvafiq sahədə fəaliyyət göstərən alimləri ilə də münasibətlər qurmaq, müştərək layihələr icra etməkdə maraqlıyıq”.

Akif Əlizadə Perudan olan alimləri AMEA-da arxeologiya sahəsində aparılan tədqiqatlar, arxeoloji ekspedisiyalar və qazıntı işləri ilə tanış olmaq məqsədilə ölkəmizə dəvət edib. Bildirib ki, ciddi elmi tədqiqatların aparılması və davamlı əməkdaşlığın təşkili üçün iki ölkə arasında rəsmi müqavilənin imzalanması zəruridir.

AMEA rəhbəri Peru alimlərinin azərbaycanlı həmkarları ilə birgə digər elmi istiqamətlərdə də əlaqələr qurması üçün lazımi kömək göstərəcəyini vurğulayıb.

Daha sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova rəhbərlik etdiyi bölmənin fəaliyyətindən, elm sahəsinə verdiyi töhfələrdən bəhs edib. Bildirib ki, hazırda bölməyə Arxeologiya və Etnoqrafiya İnstitutu da daxil olmaqla, 8 elmi-tədqiqat müəssisəsi və 1 muzey aiddir.

Nərgiz Axundova diqqətə çatdırıb ki, arxeologiya sahəsində əldə olunan nəticələr Azərbaycanın müxtəlif qurumlarında təşkil olunan sərgilərdə nümayiş olunur. Həmçinin Berlin, Tokio, Paris kimi böyük şəhərlərdə arxeoloq alimlərimizin əldə etdiyi nəticələrə dair sərgilər maraqla qarşılanır.

Alimlərimizin arxeologiya sahəsində xarici həmkarlarla həyata keçirdiyi birgə tədqiqatlar və əldə olunan mühüm nəticələr – əsasən qədim, erkən və orta əsrlər dövrünə aid məqalələr xarici jurnallarda öz əksini tapır. Bu da Azərbaycan alimlərinin elmi nailiyyətlərinin bütün dünyada tanınmasına imkan verir.

Bölmə rəhbəri, həmçinin Arxeologiya və Etnoqrafiya İnstitutunun 12 ölkənin iştirakı ilə Qara dəniz layihəsində iştirak etdiyini deyib. O, belə müştərək layihələrin Peru alimləri ilə də həyata keçirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

Görüşdə çıxış edən səfir AMEA-da arxeologiya sahəsinin inkişafı istiqamətində görülən tədbirləri yüksək qiymətləndirib, birgə əməkdaşlığın təşkili üçün hərtərəfli dəstək verməyə hazır olduğunu deyib.

Səfir Perunun Mədəniyyət Nazirliyinin tərkibində olan bölmələr, ayrı-ayrı elmi müəssisələr və ali məktəblərdə arxeologiya sahəsində araşdırmalar aparıldığını bildirib. O, müvafiq sahədə görülən işlərlə yaxından tanışlıq və səmərəli əməkdaşlığın təşkili məqsədilə AMEA nümayəndə heyətini ölkəsinə dəvət edib.

Perunun qədim tarixə və mühüm arxeoloji tapıntılara malik olduğunu deyən qonaq bu ölkədə maddi sərvətlərin qorunması ilə bağlı ciddi qaydaların və cəza sisteminin tətbiq olunduğunu vurğulayıb. Qonaq Azərbaycan alimləri ilə birgə tədqiqatlarda iştirakın hər iki ölkənin mədəniyyətinin inkişafına müsbət təsir edəcəyinə inamını bildirib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva da iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 549