Anar Bağırov Dilqəm Əsgərovun oğlu ilə görüşdü


12:45     29 Avqust 2019 2019/08/dilgem_1567068343.jpg


"Məlum olduğu kimi, 2014-cü ildə həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində qondarma, marionet rejim olan “Dağlıq-Qarabağ Respublikasının xüsusi xidmət orqanları” (əslində isə Dağlıq Qarabağa nəzarət edən işğalçı Ermənistan) tərəfindən “əsir” götürülmüşdür. Bu hadisə ölkədə böyük ictimai rezonansa səbəb olmuşdu. Bu məsələdə narahatçılıq doğuran məqam isə həmyerlilərimizin Qondarma Dağlıq Qarabağda qurulan “oyuncaq məhkəmə”yə cəlb edilmələri oldu. Belə ki, bu “məhkəmə”nin 29 dekabr 2014-cü il tarixli qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrumetmə cəzasına məhkum olundular".

Femida.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz səhifəsində yazıb.

O, bildirib ki, hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı proses ölkə rəhbərliyinin və ictimaiyyətin diqqət mərkəzindədir:

"Dövlət başçısının tağşırığına uyğun olaraq, bütün zəruri tədbirlər görülməkdədir. Bu istiqamətdə atılan ən vacib addımlardan biri isə həmyerlilərimizin azad olunması üçün Avropa İnsan Hüquqları üzrə Məhkəməsinə (AİHM) müraciət olunması idi. Bununla bağlı, ötən dövr ərzində şikayət ərizəsi hazırlanmış və 15.05.2015-ci il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilmişdir. 10.06.2015-ci il tarixdə Avropa Məhkəməsi tərəfindən ərizənin icraata qəbul olunması haqqında məktub alınmış və yazışmalara başlanılmışdı. Ərizənin təmin olunması üçün kifayət qədər hüquqi əsaslar vardır. Belə ki, soydaşlarımızın Avropa Konvensiyasının bir sıra maddələri ilə tanınmış hüquqları kobud şəkildə pozulmuşdur ki, buna görə məsuliyyəti Ermənistan dövləti bilavasitə daşımaqdadır".

A.Bağırovun sözlərinə görə, Avropa Məhkəməsinə müraciət olunan zaman ora göndərilən ərizənin icraata qəbul edilməsi və işə baxılması ilə bağlı digər prosedurlar uzun müddət çəkə bilir:

"Bunun qarşısını almaq, habelə əsirlərin sağlamlıq vəziyyətini nəzərə alaraq Avropa Məhkəməsinin reqlamentinə uyğun olaraq işə təcili baxılması və həmvətənlərimizin Azərbaycanda və ya başqa bir 3-cü ölkəyə təhvil verilməsi məsələlərinin zəruriliyi ərizədə xüsusi qeyd olunmuşdur. Lakin, təəssüf ki, AİHM-dən tərəfindən verilən cavab da bu xahişlərimizə mənfi cavab verilmiş və işə adi qaydada baxılacağı bildirilmişdir.
Daha sonradan 29.09.2015-ci il tarixdə əsirlərin sağlamlıq vəziyyətinin pisləşməsi barədə Ermənistan mətbuatında gedən xəbərlərə istinadən, habelə 16.06.2015-ci il tarixdə AHİM-in Çıraqov və digərləri Ermənistana qarşı qərarında Dağlıq Qarabağ torpaqları üzərində effektiv nəzarət imkanının yalnız Ermənistan Respublikasında olması məsələsinin qət olunması məktubla AİHM-in diqqətinə çatdırılmışdır. Əslində, bu dəlillər Avropa Məhkəməsinin reqlamentinə uyğun olaraq işə təcili baxılması üçün əsas rolunu oynamaqda idi.
Bundan başqa, ötən dövr ərzində də Avropa İnsan Hüquqları Məhkəməsinə əsirlərin sağlamlıq vəziyyəti, onlara tətbiq edilən işgəncə və qeyri-insani rəftar nəzərə alınaraq onların işinə daha sürətli şəkildə baxılıb qərar verilməsi barədə çoxsaylı müraciətlər edilmişdir".

"Məlumat üçün qeyd olunmalıdır ki, hazırda iş Avropa Məhkəməsi kommunikasiya mərhələsindədir və gözlənilən odur ki, bu ilin sonunadək bu kommunikasiya yekunlaşdırılacaq və qısa vaxt ərzində işə baxılacaqdır.
Bundan başqa, əsirlərin sağlamlıq vəziyyətinin öyrənilməsi barədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyi ilə də əlaqələr saxlanılır. Həkimlərin dediyinə görə “əsir”lərin sağlamlıq durumları qənaətbəxşdir. Lakin bu fikrin səsləndirilməsinə baxmayaraq, məlum olan odur ki, hazırda sağlamlıq vəziyyəti o qədər də yaxşı olmayan Dilqəm Əsgərovun ailə üzvlərinə məktub yazmaqdan imtina etdiyi bildirilir. Bu hal əslində onun sağlamlıq durumunun lazımi səviyyədə olamaması barədə ehtimalları artırır", - deyə VK sədri qeyd edib.

Kollegiya sədri dünən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla növbəti dəfə görüşdüklərini bildirib:

"Ərizə verildiyi gündən 4 ildən çox keçməsinə, Dilqəm Əsgərovun sağlamlıq vəziyyətinin qənaətbəxş olmamasına baxmayaraq, Avropa Məhkəməsinin hələ də işə baxmaması təəssüf hissi doğurur. Özlərini insan hüquqlarının müdafiəçisi olaraq göstərən heç bir beynəlxalq təşkilat və ya səfirliklər, fərdlər bu günə kimi keçirilmiş görüşlərin birində belə Dilqəm və Şahbazın məsələsinə toxunmamışlar və bu mövzunun üzərindən sükutla keçmişlər. Bu, özlüyündə həmin təşkilatların fəaliyyətində ikili standarların mövcudluğundan əyani xəbər verir.

Görüşdə müzakirə olunan və maraq kəsb edən məsələrdən biri də Dilqəm Əsgərovun ailə üzvlərini onu ziyarət etməsi məsələsi olmuşdur. Bununla bağlı, qeyd olunmuşdur ki, Ermənistan dövləti tərəfindən ziyarət edəcək şəxslərin təhlükəsizliyinə real zəmanət olmadığı üçün belə bir səfərin baş tutması qeyri-mümkündür.
Azərbaycan vəkilliyi bu kimi milli və həyati əhəmiyyət kəsb edən məsələlərdə xalqımızın hər bir nümayəndəsinə hər zaman hərtərəfli dəstək verməyə həmişə hazırdır.

Eyni zamanda, görüşdə Avropa Məhkəməsində baxılmaqda olan bu məsələnin həssaslığı nəzərə alınaraq yerli KİV-in bu işlə bağlı məlumatları işılqandırarkən sayıqlıq nümayiş etdirmələrinin zəruriliyi vurğulanmışdır".



Femida.az

Açar sözlər: #Kollegiya   #Dilqəm_Əsgərov   #Anar_Bağırov  

Oxunub: 647