"Müstəqilliyinin bərpası haqqında" Bəyannamənin qəbulundan 28 İL ÖTÜR


10:50     30 Avqust 2019 19_08_30_1567147862.jpg

Bu gün Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul etməsindən 28 il ötür.

Femida.az xatırladır ki, 1991-ci ildə Sovet İttifaqının dağılması üçün yaranan mühit Azərbaycan xalqının tarixi ənənələrə əsaslanan müstəqillik ümidləri, bu müstəqillik uğrunda mübarizəsi geniş vüsət aldı. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə bu mübarizənin yekunu oldu. Həmin bəyannaməyə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitutsiya Aktını qəbul etdi.

30 avqust tarixli bəyannamədə qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir.

Azərbaycan parlamentinin elə həmin gün qəbul etdiyi başqa bir qərarda isə Azərbaycanın artıq müstəqilliyini elan etmiş bəzi dövlətləri tanıdığı bildirilib və onlara da Azərbaycanın müstəqilliyini tanımaqla bağlı çağrış edilib:

“Azərbaycan Respublikasının Ali Soveti SSR İttifaqının suveren respublikalarının öz müqəddəratını və dövlət quruluşunu kənardan müdaxilə olmadan sərbəst təyin etmək, onların siyasi, iqtisadi, sosial və mədəni inkişafını öz arzusu ilə həyata keçirmək hüququnu təsdiq edərək, öz müstəqilliyini elan etmiş Latviya, Litva, Estoniya, Moldova, Gürcüstan, Ukrayna və Belarusiya respublikalarının bu bəyannamələrinə tərəfdar olduğunu bildirir və onların müstəqilliyini tanıyır.

Azərbaycan Respublikası Ali Soveti respublikalarımız arasında səmərəli iqtisadi və mədəni əlaqələrin uzun illər toplanmış təcrübəsini, bu respublikaların dost xalqlarına rəğbət hissini əsas tutaraq Azərbaycanla müstəqil Latviya, Litva, Estoniya, Moldova, Gürcüstan, Ukrayna və Belarusiya respublikaları arasında qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirir.

Ali Sovet öz dövlət müstəqilliyini elan etmiş respublikaları müstəqil Azərbaycan Respublikasını tanımağa və onunla hərtərəfli əlaqələr yaratmağa çağırır. Müstəqil Azərbaycan Respublikası indiyədək SSRİ-nin tərkibində olan bütün respublikalarla bir-birinin suverenliyini tanımaq, qarşılıqlı hörmət və bir-birinin işlərinə qarışmamaq şərti ilə iqtisadi əlaqələri bərpa etmək və özünün bütün öhdəliklərini ardıcıl surətdə yerinə yetirmək əzmində olduğunu və bu istiqamətdə danışıqlar aparmağa hazır olduğunu bildirir”.

Femida.az

Açar sözlər: #müstəqillik   #bəyannamə  

Oxunub: 2462