Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib


11:28     31 Avqust 2019 004m0mlhn2bq5amjo0ejku1lg0emek-ve-sosial-mudafie-nazirliyi.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən cari il sentyabrın 1-dən minimum əməkhaqqının 250 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.


ƏƏSMN-dən Femida.az-a verilən məlumata görə, xidmət işəgötürənlərin nəzərinə çatdırır ki, sentyabr ayının 1-ə qədər əmək haqqı 250 manatdan aşağı məbləğdə olan işçilərin əməkhaqqı qeyd edilən tarixdən 250 manata çatdırılmalıdır. İş yerlərində əmək haqqının minimum məbləği sentyabrın 1-dən 250 manatdan az ola bilməz.

Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində görməyə imkan verir.

18 iyun 2019-cu il tarixli sərəncama əsasən, minimum əməkhaqqının məbləğinin artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərin əmək haqlarında da işəgötürənlər tərəfindən müvafiq artımlar edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 555