Zelenskinin adından dələduzluq edənlər saxlanıldı


14:47     31 Avqust 2019 19_08_31_1567241272.jpg

Ukraynada bir qrup fırıldaqçı özlərini Prezident Vladimir Zelenskinin nümayəndələri kimi təqdim edərək külli miqdarda pul mənimsəyib.


Femida.az -ın verdiyi xəbərə görə, bu barədə Prezident ofisinin rəhbəri Andrey Boqdan feysbuk hesabında məlumat yayıb.

Onun sözlərinə görə, həmin şəxslər “Ukrspeçeksport” dövlət şirkətinin keçmiş işçisindən 570 min dollar tələb edərək bu pul müqabilində onun “Ukroboronprom” dövlət konsernində yüksək vəzifəyə təyin olunacağını vəd ediblər.

Dələduzlar adı açıqlanmayan şəxsdən daha sonra da pul istəyiblər. Lakin o, burada hiylə olduğundan şübhələnərək Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) müraciət edib.

Boqdan bildirib ki, fırıldaqçılar qrupu 4 nəfərdən ibarət olub, onlardan hələ ki, ikisini saxlamaq mümkün olub. Onlardan biri özünü Prezident ofisinin rəhbərinin köməkçisi, digəri isə departament rəhbəri kimi təqdim edib.

“Biz rüşvət almırıq. Ölkədə hər şey dəyişib”, - deyə Boqdan sözlərinə əlavə edib.

Açar sözlər:

Oxunub: 558