Hacı Zeynalabdin Tağıyevlə bağlı müsabiqə başa çatıb


14:18     04 Sentyabr 2019 2019/04/tagiyev-1_1556199772.jpg

Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb.



Femida.az-ın məlumatına görə, müsabiqəyə 26 layihə təqdim edilib. Təqdim olunan layihələr bu gün Heydər Əliyev Mərkəzində sərgilənib və müsabiqə ilə bağlı açıqlama verilib.

Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilov bildirib ki, müsabiqədə iştirak edənlər arasında Azərbaycanın məşhur heykəltəraşları – xalq rəssamları Xanlar Əhmədov, Natiq Əliyev, Ömər Eldarov, Səlhab Məmmədov, əməkdar rəssam Azad Əliyev, həmçinin Cəlil Qaryağdı var. Azərbaycandan kənarda yaşayan tanınmış heykəltəraş Rahib Həsənov da müsabiqəyə layihə təqdim edib. Müsabiqədə tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəllif də iştirak edir. Eləcə də Azərbaycanın bölgələrindən də (Gəncə şəhəri və Saatlı rayonu) müsabiqəyə heykəltəraşlar qoşulublar.

İctimaiyyətdə böyük maraq yaratdığına görə peşəkarlarla yanaşı, həvəskarlar da müsabiqəyə qatılıblar. Belə ki, ixtisasca hüquqşünas, həvəskar heykəltəraş İlkin Məmmədov layihə təqdim edənlər arasındadır.

Təqdim olunan eskizlərdə Hacı Zeynalabdin Tağıyevin faytonu, buxara papağı, ənənəvi libası, təsbehi, əsası, orden və medalları, bənnaçılıqdan başlayaraq tikinti ustası və təşkilatçısı kimi formalaşması, onu milyonçuya çevirən neft buruqları, təhsilə qayğısı əsas elementlər kimi çıxış edir.

Z. Xəlilov bildirib ki, təşkilat komitəsi verilmiş ərizə və eskizlər arasından bir qalibi müəyyənləşdirəcək. Müsabiqə iştirakçılarının seçimi mövzuya uyğunluq, müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialının emal texnologiyasına uyğunluğu kimi meyarlar üzrə həyata keçirilir. Münsiflər heyətinin qərarı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Heykəlin ucaldılması müəllifin və ya onun müvəkkili olan şəxsin bilavasitə müşahidəsi altında, müsabiqənin təşkilatçısı tərəfindən seçilmiş yerdə həyata keçiriləcək.

Hacı Zeynalabdin Tağıyevin heykəlinin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqəyə ərizə və eskizlər bu ilin aprelin 25-dən iyunun 30-dək qəbul olunsa da, müsabiqəyə olan maraq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov və bir sıra heykəltəraşların müraciətləri nəzərə alınaraq müsabiqə avqustun 31-dək uzadılmışdı.

Müsabiqənin Münsiflər heyətinin üzvləri Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar Elbay Qasımzadə, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, Heydər Əliyev Fondunun incəsənət məsələləri üzrə eksperti, Əməkdar incəsənət xadimi Emin Məmmədov, Heydər Əliyev Mərkəzinin departament direktoru, Əməkdar incəsənət xadimi Məhəbbət Mehdiyeva, xalq rəssamı, heykəltəraş, professor Akif Əsgərov, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyeva, Mədəniyyət Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri, sənətşünas Qalib Qasımovdur.

Femida.az

Açar sözlər:

Oxunub: 600