Nazirlikdə İsveçrə səfiri ilə görüş olub


15:21     06 Sentyabr 2019 Emek_Ehalinin_Mudaf_Nazirliyi_Album_030512.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre və İsveçrə Əməkdaşlıq Ofisinin rəhbəri Simone Haeberli ilə görüş olub.



Nazirlikdən Femida.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu-sosial iqtisadi siyasətinin nailiyyətləri barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə sosial sahədə mühüm irəliləyişlərin əldə olunduğunu bildirib. Nazir diqqətə çatdırıb ki, cari ildə minimum əmək haqqı və maaşların, müavinət və təqaüdlərin, minimum pensiyanın artırılması, vətəndaşların problemli kreditlərlə bağlı çətinliyinin aradan qaldırılması ümumilikdə, bu ilki sosial islahatlar birbaşa olaraq 4,2 milyon insanın yaşayışına mühüm dəstək olub. S. Babayev əmək, məşğulluq, sosial müdafiə sistemlərinin müasir iş prinsipləri üzərində təkmilləşdirilməsi, DOST layihəsi ilə əhaliyə dövlət sosial xidmətlərinin bir pəncərə prinsipi üzrə təşkili, elektron sistemlərin tətbiqinin genişləndirilməsi sahəsində aparılan islahatlar barədə məlumat verib.

Daha sonra nazir S.Babayev Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi çərçivəsində İsveçrə Əməkdaşlıq Ofisi və İsveçrə İqtisadi İşlər üzrə Dövlət Katibliyi (SECO) ilə uğurlu əməkdaşlığın davam etdirildiyinin bildirib. O da vurğulanıb ki, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, DƏMX-in potensialının artırılması məqsədilə risk əsaslı yoxlamaların aparılması üçün müasir metodologiyalar və prosedurların işlənməsi, risklərin təhlili və qiymətləndirilməsi sahəsində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Nazirliyə göstərdiyi texniki dəstək SECO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

M.Peneveyre ölkəmizdə sosial sahədə aparılan islahatları maraqla izlədiyini, iki ölkə arasında müvafiq sahələr üzrə əməkdaşlıq əlaqələrinin, təcrübə və məlumat mübadilələrinin bundan sonra da genişləndirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında sosial xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması, əlilliyi olan şəxslərin reabilitasiyası, Nazirliyin əməkdaşları üçün müxtəlif təlimlərin təşkil olunması və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 443