“Hüquq və rəqəmsallaşma” mövzusunda seminar keçirilib


20:15     07 Sentyabr 2019 2019/09/3373F7E2-C16C-4F4C-9503-865166C69BE7_1567875230.jpeg

ADA Universitetində “Hüquq və rəqəmsallaşma” - “Law and Digitalization” mövzusunda seminar təşkil edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Femida.az-a bildirilib ki, tədbirdə Martin Lüter Halle-Vittenberq Universiteti, Tallinn Texniki Universiteti, ADA Universitetinin professor və tələbələri, NRYTN-in, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri məruzə ilə çıxış ediblər.

Nazirliyin şöbə müdiri Rəşad Əzizov bildirib ki, bu gün rəqəmsallaşma prosesləri həyatımızın bütün sahələrini əhatə edir. Ölkəmizdə rəqəmli iqtisadiyyatın formalaşdırılması, rəqəmli hökumətin qurulması, informasiya cəmiyyətinin inkişafı istiqamətində işlər aparılır: “Biz innovasiyaların və yüksək texnologiyaların tətbiqi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsini sürətləndirə bilərik. Məhz buna görə də bu, Azərbaycan Prezidentinin hökumət qarşısında qoyduğu vacib tapşırıq və dövlət siyasətinin əsas prioritetlərindən biridir”.

Nazirlik rəsmisi qeyd edib ki, bu proses öz növbəsində hüquqi tənzimlənmə tələb edir. Söhbət təkcə müvafiq normativ aktların qəbulundan getmir. Əsas məsələ kadrların hazırlanmasıdır: “Bugünkü tədbirdə dövlət və elm sahəsində çalışan hüquqşünaslar toplanıb. Bu, dialoq qurmaq, Azərbaycanda rəqəmsallaşdırma prosesinin intensivləşməsi, elm və təcrübəni bir-birinə yaxınlaşdıraraq dəyər qazandıracaq platforma yaratmaq üçün bir fürsətdir. Məhz bu hədəflər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin prioritetlərini təşkil edir”.

Tədbirdə yerli və beynəlxalq ekspertlər, habelə Avropanın tanınmış ali məktəblərinin professor və müəllimlərinin rəqəmsal erada informasiya hüququ, rəqəmli bazarların harmonizasiyası, süni intellekt və əşyaların interneti kimi yüksək texnologiyaların hüquqi tənzimlənməsi və qeyd olunan sahədə kibertəhlükəsizliyin müstəsna əhəmiyyəti üzrə Avropa təcrübəsinə əsaslanan informativ təqdimatları dinlənilib. Bununla yanaşı, seminar çərçivəsində ölkəmizdə “Rəqəmsal Hüquq Laboratoriyası”nın - “Digital Law Lab” yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 638