Sahibkar Bakı Baş Gömrük İdarəsinin qarşısında intihara cəhd edib
22:00 07 Sentyabr 2019
Bu gün günorta saatlarında sahibkar, “Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadə Bakı Baş Gömrük İdarəsinin qarşısında intihara cəhd edib.
Lent.az -ın məlumatına görə, idarənin əməkdaşları və ərazidəki digər sahibkarlar M.Quluzadənin intihar etməsinin qarşısını alıblar. Hadisə yerinə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, həmçinin, komitənin məsul şəxsləri gəliblər.
S. Mehdiyev intihara cəhd edən sahibkarla görüşüb və söz verib ki, problemi gün ərzində həll olunacaq. Daha sonra isə komitə sədri Bakı Baş Gömrük İdarəsində müşavirə keçirib.
Əldə olunan məlumata görə, iclasda Səfər Mehdiyevin əmri ilə Bakı Baş Gömrük İdarəsinin bir neçə əməkdaşı işdən uzaqlaşdırılıb.
İntihara cəhd edən sahibkar Mədət Quluzadə Lent.az -a bildirib ki, İran İslam Respublikasından onun ünvanına gələn mallar (3 maşın üzlük plitələri) müəmmalı şəkildə yoxa çıxıb: “Mənə məxsus malları mənimsəyiblər. Bu faktdır. Mənimsəmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı da var. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bu işə baxandan sonra qərardad qəbul edib və orada göstərilib ki, Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən 39 697 manat təzminat alınaraq “Ulduz-Elektron” MMC-yə ödənilsin. Bütün məhkəmə instansiyaları mənim xeyrimə qərar çıxarıb. İş icraya yönəldilib. Lakin Dövlət Gömrük Komitəsi təzminatı ödəmir. Onlar istəyir ki, təzminatdan imtina edim. Məni buna məcbur etmək niyyətindədirlər. Mən isə imtina etməyəcəyəm və hər gecikən günə görə əlavə təzminat tələb edirəm".
M. Quluzadə deyib ki, o təzminatdan imtina etmədiyi üçün hazırda gətirdiyi yüklər də gömrük nəzarətindən buraxılmır: "Mən bu gün Bakı Baş Gömrük İdarəsinə getdim ki, mallarımı götürüm. Artıq neçə dəfədir ki, gətirdiyim yüklərimi saxlayırlar, başqa çıxış yolum qalmadığı üçün intihara cəhd etdim. Bu gün də mənə yalan vəd verib sakitləşdirdilər. Guya problem həllini tapacaq. Mənə aid bütün mallara plomb vurub saxlayırlar. Bu işdən əl çəkən deyiləm”.
DGK-nin mətbuat xidmətindən isə bildirilib ki, sahibkarın dedikləri həqiqəti əks etdirmir və yalandır.
Oxunub: 614
Oxşar xəbərlər
- Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslər təltif edilib - SİYAHI
- Sahibkarlar Klubu üzvlərinin sayı 500-ə çatdı
- Sahibkarlıqda yoxlamaların dayandırılması müddətinin uzadılması təsdiqləndi
- Sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadıldı
- Sahibkarlığın İnkişafı Fondu ötən il 127 milyon manat güzəştli kredit verib
- Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti üzvlərinin sayı artırıldı
- Sahibkarlığın İnkişafı Fondu auditor seçir
- Sahibkarlara 12,3 milyon manatdan çox pul verildi
- Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin edilib
- Sahibkarlara 250 manat ödəniləcək - Rəsmi açıqlama