Qadının əl-qolunu bağlayan maskalı şəxslərin məhkəməsi başlayır


18:38     09 Sentyabr 2019 2019/09/qadin-zorakiliq_1568032850.jpg

Şəmkirdə quldurluq hadisəsi törədən Yusif Kazımov və Vəli Şəfiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.



Femida.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Xaqani Səmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin may ayında Şəmkirin Aşağı Seyfəli kəndində baş verib. Təqsirləndirilən şəxslər kənd sakini Gülnarə Qasımovanın yaşadığı evə girib qadının əl-qolunu bağlayaraq evdən pul və qızıl əşyaları aparıblar. Hadisədən sonra Samuxun Qarayeri qəsəbə sakinləri 28 yaşlı Yusif Kazımov və 31 yaşlı Vəli Şəfiyev polis tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər bir müddət əvvəl zərərçəkənin qohumu ilə tanış olublar. Söhbət əsnasında Gülnarə Qasımovaya Rusiyadan pul göndərildiyini öyrəniblər. Qarət planı hazırlayan Yusif Kazımov və Vəli Şəfiyev gəldikləri avtomobili evdən bir qədər aralıda saxlayaraq hədəf seçilən ünvana piyada hərəkət ediblər.

Qarətçilər evdən 3 min rus rublu, 3 min manat dəyərində qızıl-zinət əşyası və 1 ədəd mobil telefon oğurlayıblar. Onlar mobil telefonu sındırıb, yolun kənarına atıblar, qızıl-zinət əşyalarını isə Gəncədə sataraq pulunu öz aralarında bölüblər.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 581