Texniki prosesdən elm sahəsinə uzanan yol: Neft-qaz sənayesində qazma işləri


18:08     09 Sentyabr 2019 2019/09/aqs_1568038071.jpg


Azərbaycan neft-qaz sektorunda kifayət qədər inkişaf etmiş, uğur qazanmış və dünya miqyasında sayılıb-seçilən ölkələrdəndir. Əbəs yerə deyil ki, planetdə ilk neft quyusu Azərbaycanda qazılıb. Lakin unutmayaq ki, bu hələ texnikanın köməyi ilə reallaşan bir proses idi. Ölkəmizdə neftçxarmanın tarixi daha qədim dövrlərə dayanır. Hələ XIV əsrdə məşhur səyyah Marko Polo öz xatirələrində Bakıda neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdı. Balaxanıda neft quyusundan tapılmış daş üzərindəki yazının tarixi isə 1594-cü ilə aiddir. Həmin quyu usta Allahyar Məmməd Nuroğlu tərəfindən qazılıb.


XIX əsrin ortalarında neftçıxarmada dönüş yaranmış və dünyada ilk dəfə olaraq 1847-ci ildə Azərbaycanda - Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılmışdı.

Qazma işlərinin tarixi

XIX əsrdə Bakıdakı neft baronlarının yüksək marağı nəticəsində ilk dəfə olaraq Azərbaycanda burma qazma və qazlift kimi yeni innovasiya texnologiyaları sınaqdan keçirildi. İlk dərinlik nasosu da ABŞ-dan 15 il öncə 1876-cı ildə Bakı mədənlərində sınaqdan keçirildi. Qazma artıq texniki prosesdən çıxmış, elm sahəsinə çevrilməyə başlamışdı. Sözsüz ki, bu elmin inkişafında azərbaycanlı alimlərin payı az olmayıb. Sahənin mütəxəssisləri görülən işlər nəticəsində artıq Sovetlər dövründə statistikaları alt-üst etmişdi. Azərbaycan bütün SSRİ üzrə qazma işinin 2/3 hissəsinin öhdəsindən gəlirdi. 1924-cü ildə Bakı mühəndisi Matvey Kapelyuşnikovun icad etdiyi turbobalta ilə Suraxanıda dünyada dərinliyi 600 metrə yaxın olan ilk neft quyusu qazıldı. 1924-cü ildə dünyada ilk dəfə Bibiheybət körfəzində ada tipli və svaylar üzərində qurulmuş dəniz quyusundan sənaye üsulu ilə neft alındı. Azərbaycanda neft sənayesi 1920-ci ildə milliləşdirildikdən sonra Naftalan neftinin qazma yolla çıxarılmasına başlanıldı.

1930-cu ildə Bakıda ilk dəfə olaraq elektrik karotaj və qazmada əyriliyin ölçülməsi tətbiq edildi və qazmanın əyriliyini ölçmək üçün cihazların istifadəsinə başlanıldı. 1934-cü ildə Pirallahı adasında ilk dəfə olaraq maili istiqamətli quyu qazıldı. Bayılda Ağa Nemətulla tərəfindən icad edilmiş turbin üsulu ilə 2000 metr dərinlikdə maili quyu qazılıb istifadəyə verildi. 1940-cı ildə Qala və Suraxanı sahələrində SSRİ-də ilk dəfə olaraq elektrik mühərriki ilə dərinliyi 2500 metr olan neft quyusu qazıldı. 1946-cı ildə "Gürgan" yatağında açıq dənizdə qazma işləri aparılması üçün ilk iribloklu özül quruldu. 1947-ci ildə metal estakadaların tikintisinə başlanıldı.

1952-ci ildə Azərbaycanda qazmanın həcmi rekord səviyyəyə 1665 min metrə qalxdı. Axtarış, geoloji kəşfiyyatın 1940-1950-ci illərdə dənizə, onun dərin qatlarına yan alması qazma işində elmi-texniki tərəqqinin, texnoloji təkmilləşdirmənin nəticəsində mümkün olmuşdu.

1970–1980-cı illərdə Heydər Əliyevin təşəbbüsü ilə "Şelf-2", "Şelf-3", "Şelf-4", "Şelf-5" qazma qurğuları, habelə onların işini təşkil etmək məqsədi ilə "Süleyman Vəzirov", "İsrafil Hüseynov" kimi borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən "Azərbaycan" kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr respublikaya gətirilmişdi. Bütün bunlar Azərbaycanda neft-qaz sektorunun durmadan inkişaf etdiyini göstərirdi.

Təbii ki, Azərbaycanda neft sahəsi ilə bağlı tarixi hadisə 1994-cü ildə yaşandı. Sentyabrın 20-də Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynadı. "Əsrin müqaviləsi" adı ilə tanınmış bu müqavilə, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın 11 ən iri neft şirkəti pay şəklində bölüşdürülməsinə səbəb oldu. Bu müqavilədə Böyük Britaniyanın "BP" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-ın "Amoco" (17,01 faiz), "Unocal" (11,2 faiz), "Pennzoil" (9,81 faiz), "McDermott International" (2,45 faiz), Rusiyanın "Lukoyl" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığının" (1,75 faiz) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) isə 20 faiz payı var idi. Azərbaycanın "Əsrin müqaviləsi"ndən başlanan yolu haqqında Heydər Əliyev demişdi:

"1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".

Müasir dövrdə qazma işləri

Son illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnir. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilib, Bakı Dərin Özüllər zavodu kimi nəhəng strateji istehsalat qurğusu tikilib. Artıq Azərbaycanda bir çox müasir qazma qurğuları mövcuddur. Məsələn, «Dədə Qorqud», «İstiqlal», «Qurtuluş» kimi modern dərin qazma qurğularımız var. Yeri gəlmişkən, “Heydər Əliyev” adlı ən modern qazma qurğusu Xəzərin 1000 metrdən çox dərinliklərini fəth etməyə qadirdir.

SOCAR-ın Kompleks Qazma İşləri Trestinin struktur bölümündə 5 qazma işləri idarəsi ("Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İdarəsi, "Sahil" Qazma İşləri İdarəsi, "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi, "Abşeron" Qazma İşləri İdarəsi, "Qobustan" Kəşfiyyat Qazma İşləri İdarəsi), "Qazmaservis və Logistika" İdarəsi, Tamponaj İdarəsi, Maddi-Texniki Təchizat İdarəsi və İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsi fəaliyyət göstərir.

Təkcə 2000-ci ildən bu günədək SOCAR-ın müəssisələri tərəfindən təxminən 2,6 milyon metrdən çox qazma işləri həyata keçirilib və təxminən 1500 hasilat quyusu qazılıb. Azərbaycanda hər il orta hesabla 70-80 quyu istismara verilir.

Xəzər dənizinin neft və qaz yataqlarında quyuların qazılması istiqamətində uğurla fəaliyyət göstərən müəssisələrdən biri də 2007-ci ildə təsis edilən SOCAR AQŞ MMC-dir. Onun əsas fəaliyyət istiqaməti Xəzər dənizinin neft və qaz yataqlarında quyuların qazılmasından ibarətdir. Müəssisə tərəfindən aparılan qazma işlərində müasir tələblərə, beynəlxalq standartlara cavab verən avadanlıqlardan istifadə olunur.

Müasir dövrdə qazma artıq okeanın dərin qatlarına doğru irəliləməkdədir. Açıq dənizdə qazma işləri hidrotexniki və üzən qazma qurğularına malik gəmilərlə aparılır. Təbii ki, bu yerdə qazma üsullarını daha da təkmilləşdirən mühəndislərin də rolu böyükdür. Qazma mühəndisləri xərclər də daxil olmaqla bir sıra faktorları nəzərə alaraq neft-qaz quyularının ən səmərəli üsullarla qazılması metodunu müəyyən edirlər. Onlar həmçinin qazma prosesinin təhlükəsiz, effektiv və ətraf mühitə minimal dərəcədə zərər verəcək şəkildə olmasını təmin edirlər. Bu tip neft-qaz mühəndisləri yeni quyuların qazılmasına nəzarət edən geoloqlar və podratçılarla işləyirlər.

Bu gün isə peşəkar mühəndis və yüksək texnologiya sayəsində Azərbaycan neftçiləri istənilən dərinlikdə quyular qaza bilir. İlk illərdə bir neçə onmetrlik quyular qazılırdısa, artıq 1952-ci ildə qazmanın həcmi rekord səviyyəyə 1665 min metrə qalxmışdı. Hazırda Azərbaycanda 5-6 min metr dərinlikli quyuların qazılması adi hal kimi qəbul edilir. Misal üçün “İstiqlal” qazma qurğusu 7600 metr dərinlikdə quyu qazma imkanına malikdir.

Qazma işlərinin perspektivləri

İlk olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda qazma sahəsindəki təkmilləşmə perspektivləri qabaqlamağa başlayıb. Məsələn, buna SOCAR AQŞ milli qazma sənayesində ötən il imza atdığı rekordu göstərmək olar. 3000 at gücünə malik olan Drillmec HP yeni nəsil qazma avadanlığının uğurla istifadə edərək müəssisə 113 nömrəli quyuda ağır çəkili aralıq kəmərinin birdəfəyə endirmək cəhdini uğurla həyata keçirdi. Belə ki, ümumi çəkisi havada 546 ton olan 13 3/8 ikinci aralıq kəmərin 5093 metr dərinliyə, çəkisi 393 ton olan 9 5/8 texniki kəmərin isə 5619 metr dərinliyə birdəfəyə endirilməsinə və uğurla sementlənməsinə nail olundu. Qeyd edək ki, ki, milli qazma sənayəesində ilk dəfə olaraq SOCAR AQŞ 2017-ci ildə “Bulla” yatağının 6 saylı dəniz stasionar özülündən qazılan 78 nömrəli axtarış quyusunun tikintisi zamanı dərin quyularda qoruyucu kəmərin iki Mərhələdə endirilməsi ənənəsinə son qoyub. SOCAR AQŞ Xəzərdə ilk dəfə beynəlxalq standartlara cavab verən süxur (kern) nümunələrinin götürülməsini həyata keçirib. Müəssisənin imza atdığı ilklərdən biri də qazma zamanı quyu lüləsi boyu əlavə Geofiziki tədqiqat işlərinin aparılması, intervallar üzrə lay təzyiqinin ölçülməsidir.

Yaxud başqa bir misal: Hələ 2017-ci il noyabrın 8-də xalqımız Azərbaycanda iki milyard ton neftin hasil olunmasını qeyd etdi. "Şelf" tipli üzən qazma qurğularının alınması dənizin daha dərin qatlarında zəngin neft və qaz yataqlarının kəşfinə imkan yaradbı. Nəticədə neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artıb ki, bu da gələcəkdə yeni qazma proseslərini şərtləndirən amillərdəndir.

Qazmanın keyfiyyətli gedişi həm də səmərəli idarəetmə prosesində iqtisadi işin bacarıqlı təhlilindən, maliyyə möhkəmliyi və çevikliyindən xeyli dərəcədə asılıdır. İdarəetmədə inzibati metodlardan iqtisadi üsulların geniş tətbiqinə keçidi qazma prosesinin səmərəsini də yüksəldəcək. Beynəlxalq təcrübə göstərir ki, yeni texnologiyaların-üfüqi qazma, neftverimi artımının metodları üçölçülü seysmiklik, aktiv energetik qənaətin intensiv tətbiqi nisbətən bahalı karbohidrogenlərin işlənməsində xərclərin 2-3 dəfə azalmasına kömək edir. Neft kampaniyaları müasir qazmada yerin təkinin quruluşunu, layın dəqiq təsvirini verən geofiziki və kompyuter modelləşməsi üsullarından istifadə edirlər. O cümlədən, bu gün Azərbaycanda Kompleks Qazma İşləri ölkənin quru və dəniz əraziləri üzrə SOCAR-a məxsus yataqlarda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan, işçilərin sağlamlığını qoruyan tam təhlükəsiz əmək şəraitində, yüksək səviyyədə istehsalat və inzibati nizam-intizam qaydalarına riayət edilməklə axtarış-kəşfiyyat və istismar qazma işlərini aparır və aparacaq.

Qeyd: “SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur”

Amin Nəzərli

Femida.az

Açar sözlər: #neft   #qaz   #qazma   #SOCAR   #MŞ   #müsabiqə   #jurnalist  

Oxunub: 2534