Beş nəfərin ölümünə səbəb olub hadisə yerindən qaçan sürücüyə hökm oxunub

Beş nəfərin ölümünə səbəb olub hadisə yerindən qaçan sürücüyə hökm oxunub


13:14     11 Sentyabr 2019 hebs.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində beş nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlham Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Femida.az -ın xəbərinə görə, hakim Əliövsəd Abbasovun sədrlik etdiyi iclasda zərərçəkmiş şəxslər mülki iddia təqdim ediblər.

Daha sonra məhkəmə istintaqının tamamlanması elan edilib.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənin 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Zərərçəkmişlər daha ağır cəza veriıməsini istəyiblər.

Təqsirləndirilən şəxsin vəkili və təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş ediblər.

Müşavirədən sonra hökm elan edib. Hökmə əsasən, İ.Həsənov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

1977-ci il təvəllüdlü Həsənov İlham Yelmar oğlunun idarə etdiyi "İVEKO" markalı 99-LN-431 dövlət nömrə nişanlı yük avtomobili ilə 1969-cu il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlunun idarə etdiyi “Mercedes” markalı 10-RP-097 dövlət nömrə nişanlı avtomobil toqquşub. “Mercedes” markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü və avtomobildə olan sərnişinlər 1974-cü il təvəllüdlü Saleh Musayev, 1967-ci il təvəllüdlü Məhəbbət Musayeva, 1973-cü il təvəllüdlü Amil Məmmədov və 1987-ci il təvəllüdlü Vidadi Nuriyevin hadisə yerində ölmələri, yük avtomobilinin sürücüsünün isə hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaqla hadisənin İlham Həsənov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində İ.Həsənov mayın 11-də tutularaq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 148