Məcburi köçkünlər təlimə cəlb olunub


18:06     12 Sentyabr 2019 19_09_12_1568290751.jpg

Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazisində, hazırda Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində sentyabrın 11-12-də ilk yardım üzrə bilik və bacarıqların yayılması məqsədilə iki günlük təlimlər keçirilib.


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Femida.az -a verilən məlumata görə, təlimlər Komitənin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən təşkil edilib.

Maarifçilik xarakteri daşıyan və ilk yardım üzrə sertifikatlaşdırılmış təlimatçıların ehtiyat dəstəsinin yaradılmasını nəzərdə tutan tədbir Ümumdünya İlk Tibbi Yardım Gününə həsr olunub. Belə ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının üzvü olan milli təşkilatların təşəbbüsü ilə 2000-ci ildən başlayaraq hər il sentyabr ayının ikinci şənbə günü Ümumdünya İlk Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd edilir.

Təlimlərə məcburi köçkün icmalarının orta məktəb müəllimləri və şagirdləri, səhiyyə işçiləri, ərazi icra hakimiyyətinin nümayəndələri, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları cəlb olunublar. AzQAC-ın və BQXK-nın lazımi avadanlıq və materiallarla təmin etdiyi təlimləri ixtisaslı və səriştəli təlimçilər aparıblar. Təlim proqramına nəzəri məsələlər, praktiki nümayiş və məşğələlər daxildir. İlk yardımın məqsədi zərərgörənin həyatını xilas etmək, ağrılarını yüngülləşdirmək və vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün adi və zəruri tibbi tədbirlərin görülməsidir. Həyat göstərir ki, ilk tibbi yardım göstərilməsini tələb edən vəziyyət qəfildən, vaxt çatışmazlığı və əksər hallarda tibb təhsilli adamların olmadığı bir şəraitdə yaranır. Hər saniyənin qiymətli olduğu belə vəziyyətlərdə hadisə yerindəki adamlar vahiməyə düşmədən tez və qətiyyətli hərəkət etməlidirlər.

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi birinci dəfə Müdafiə Nazirliyinin dəstəyi ilə bu ilin aprel ayının 8-də də Şıxarxda məcburi köçkünlər üçün ilk yardım göstərilməsi üzrə təlim təşkil edib.

Açar sözlər:

Oxunub: 510