Vəkillə bankın qalmaqallı MƏHKƏMƏSİ


21:23     13 Noyabr 2015 bank915.jpg


Femida.az xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə Nikoyl bankın vəkil Əkrəm Həsənova qarşı iddiası üzrə məhkəmə prosesinin növbəti III hazırlıq iclası olub. Hakim tərəflərin vəsatətinin olub-olmamasını soruşanda qarşı tərəfin vəkillərindən biri Aqil Layicov hakimə bildirib ki, biz məhkəmə aidiyyətinin dəyişdirilməsini tələb edirik.

Daha sonra cavabdeh vəkil Əkrəm Həsənov çıxış edib


“Mənim Nikoyl haqda yazdığımı 15-dən çox KİV dərc edib. Lakin ikinci cavabdeh kimi iddia ərizəsində yalnız Aznews.az internet portalı göstərilib. Halbuki, aydındır ki, hətta mənim yazıma görə kimsə məsuliyyət daşımalıdırsa belə, o ancaq mən ola bilərəm. Ermənistan və “Dağlıq Qarabağ” rəhbərliyi gündə Azərbaycana qarşı cinayətkar xarakterli bəyanatlar verir, bizim KİV-lər də bəzən onlar haqda məlumat verir. Belə çıxır ki, KİV buna görə də məsuliyyət daşımalıdır? Əlbəttə, yox, KİV-in işi elə məlumat ötürməkdir.

Bəs, niyə Nikoyl portalı cavabdeh kimi göstərib? Ona görə ki, Nikoyl işin məhz Yasamal məhkəməsi tərəfindən baxılmasında maraqlıdır. Səbəb də aydındır: işə ona borcu olan hakim Zəfər Quliyev tərəfindən baxılması üçün. Lakin iddia ərizəsi çox savadsız tərtib olunub. Təsadüfi deyil ki, əhali Nikoyldan əmanətlərini geri götürür. Belə savadsız banka etibar etmək olmaz. Savadsızlığı ucbatından elə ağır maliyyə durumundadır ki, artıq işçilərinin maaşlarını da azaltmağa başlayıb.
İddia cavabdehlərin birinin ünvanı üzrə məhkəməyə verilə bilər. Mənim ünvanım Xətai rayonundadır. Lakin, iddia guya portalın ünvanı üzrə Yasamal məhkəməsinə verilib. Halbuki, bu ünvanı təsdiq edən sənəd təqdim olunmayıb. Ümumiyyətlə, “Aznews.az internet portalı” adlı hüquq subyekti mövcud deyil və ola da bilməz. Subyekt “kim?” sualına cavab verir və fizki, yaxud hüquqi şəxs ola bilər. Portal isə obyektdir və “nədir?” sualına cavab verir. Mən başa düşürəm ki, Nikoyl Rusiya ilə əlaqəsini inkar etsə belə, rəhbərliyi Rusiya vətəndaşlarından ibarətdir və rus dilində hətta heyvan da “kim?” sualına cavab verir. Amma bura Azərbaycandır!

Mülki Məcəlləyə əsasən fiziki şəxsin adı soyad, ad və ata adından ibarət olmalı, hüquqi şəxsin adında isə onun təşkilatı-hüquqi forması göstərilməlidir. “Aznews.az internet portalı” adında hanı soyad, ad və ata adı? Yaxud hanı bu adda təşkilati-hüquqi forma? Yoxdur! Deməli, belə adlı subyektin mövcudluğu mümkün deyil.
Mülki Prosessual Məcəlləyə əsasən isə iddia ərizəsində cavabdehin adı göstərilməlidir, əks halda, iddia ərizəsi geri qaytarılmalıdır. Lakin hakim Zəfər Quliyevin gözünü Nikoyla borcu deyəsən o qədər tutmuşdu ki, ərizəni geri qaytarmamışdı. İndi isə belə çıxır ki, iddia ərizəsində yalnız bir cavabdeh var. O da mənəm. Deməli, məhkəmə aidiyyəti dəyişdirilməli və iş Xətai məhkəməsinə göndərilməlidir.”

Vəsatəti vəkillər Aqil Layıcov və Qanqa İbrahimov da dəstəklədi və arqumentləri qanuni (o cümlədən İnsan Hüquqları üzrə Avropa Konvensiyasına istinadən) əsaslarını bildirdilər.

Məhkəmədə Nikoylun nümayəndəsi ilə yanaşı vəkili ilə də təmsil olunurdu. Bankın hüquqlarını müdafiə edən vəkil çıxış edərək dedi ki, Nikoyl üçün fərqi yoxdur işə hansı məhkəmə baxacaq. O ki, qaldı Aznews.az portalına bildirdi ki, onun ünvanını portalın özündən götürüblər, ona görə də portalı cavabdeh kimi göstəriblər.

Bundan sonra Hakim müşavirəyə getdi və qayıdıb elan etdi ki, vəsatət təmin olunmur və iş Yasamal məhkəməsində qalır. Qarşı tərəf isə, bundan apellyasiya şikayəti verəcəyini dedi.
Xatırladaq ki, vəkil Əkrəm Həsənov Nikoyl bankın rus bankı olduğunu və banka əmanət qoymağın çox təhlükəli olduğunu yazdığı üçün bank tərəfdən məhkəməyə verilib.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3652