İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib - FOTO
14:27 16 Sentyabr 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Femida.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək əməkdaşlığımızın bütün sahələri əhatə etdiyini vurğuladı. Prezident İlham Əliyev yüksək səviyyəli siyasi əlaqələrə uyğun olaraq iqtisadi əməkdaşlığımızın da hərtərəfli inkişaf etdiyini dedi. Azərbaycan-Türkiyə tərəfdaşlığının son illərdə daha da möhkəmləndiyini bildirən dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi birgə irimiqyaslı layihələrin, xüsusilə, enerji sahəsi ilə bağlı layihələrin bölgə üçün böyük önəm daşıdığını qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanda Türkiyənin xeyli sayda orta və kiçik müəssisələrinin fəaliyyətinin də iqtisadi əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyi dedi və ticarət dövriyyəsinin 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatmasından məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı Bakıda keçirilən hökumətlərarası komissiyanın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə etdi və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini dedi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Vitse-prezident Fuat Oktay, ilk növbədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, ölkələrimizin dövlət başçıları arasında olan dostluq münasibətlərinin əlaqələrimizin inkişafındakı rolunu xüsusi qeyd etdi. Vitse-prezident Fuat Oktay Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü münasibətilə təbriklərini çatdırdı və paytaxtımızın daha da gözəlləşdiyini qeyd edərək Azərbaycanın bundan sonra da inkişaf yolunda olacağına əminliyini ifadə etdi.
Türkiyə vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi tələbinin aradan qaldırılmasına görə təşəkkürünü ifadə edən qonaq bunun iki ölkə arasında turizm və biznes sahəsində əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini bildirdi.
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəti və birmənalı mövqeyinin olduğunu xatırladaraq, bu mövqeyin bütün beynəlxalq səviyyələrdə davamlı olaraq ifadə edildiyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
Femida.az
Oxunub: 723
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
- İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb
- İlham Əliyev iranlı həmkarına başsağlığı verib