FHN-in Akademiyasında andiçmə mərasimi keçirilib


16:05     17 Sentyabr 2019 2019/09/7_1568720843.jpg

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında "Bilik günü" və ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimi keçirilib.



Femida.az-ın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Sonra Akademiyanın rəisi, general-mayor Baba Salayev Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevə şəxsi heyətin mərasimə hazır olması barədə məruzə edib. Azərbaycan Respublikasının Dövlət Bayrağı meydana gətirilib. İlkin hərbi hazırlığı başa vurmuş 100 kursant təntənəli şəkildə Vətənə sədaqət andı içib.

Akademiyanın rəisi, general-mayor Baba Salayev tədbirdə çıxış edərək bildirib ki, 1993-cü ildə Ümumilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət quruculuğunda yeni mərhələnin başlanğıcı olub: "Ulu öndərin digər sahələrdə olduğu kimi, Fövqəladə hallar sahəsində də etibarlı şəbəkənin yaradılması ideyasının nəticəsi olaraq 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən Fövqəladə Hallar Nazirliyi, 2008-ci ildə isə əməkdaşların peşə ixtisasının artırılması, potensialının genişləndirilməsi və xüsusi ixtisaslı kadrların yetişməsi üçün FHN Akademiyasının yaradılması haqqında müvafiq Sərəncamlar verib. Fövqəladə Hallar Nazirliyinin yaradılması ölkədə mülki müdafiə ərazilərin təbii, həmçinin texnogen xarakterli fövqəladə hallardan qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradıb. O cümlədən dövlət başçısının diqqəti sayəsində Nazirliyin maddi-texniki bazasının gücləndirilməsi güclü kadr hazırlığının təşkilinə gətirib çıxarıb”.

Baba Salayev bildirib ki, ötən il təntənəli şəkildə 10 illiyini qeyd edən Akademiyada artıq fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə bakalavriat səviyyəsində əyani və qiyabi təhsilin, eyni zamanda həmin ixtisasların üç ixtisaslaşma üzrə magistratura səviyyəsində tədris prosesi təşkil olunub: “Bu günə qədər Akademiyada bakalavr səviyyəsində 690, magistratura səviyyəsində isə 33 nəfər təhsilini başa vurub. Məzunlarımızdan bakalavr səviyyəsində 30 nəfəri, magistratura səviyyəsində isə 7 nəfəri təhsilini fərqlənmə diplomu ilə başa vurub. Bu il isə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda Akademiyanın əyani şöbəsinin bakalavr səviyyəsini 100 nəfər, qiyabi şöbəsinə 26, magistratura səviyyəsinə isə 24 nəfər yüksək bal toplayaraq qəbul olunub. Bu gün eyni zamanda 96 nəfər bakalavr, 15 nəfər isə magistratura səviyyəsində təhsilini müvəffəqiyyətlə başa vuraraq zabit rütbəsinə yiyələnən məzunları Fövqəladə Hallar Nazirliyinin müxtəlif struktur bölmələrində fəaliyyət göstərmək üçün yola salırıq. O cümlədən Nazirlik tərəfindən magistr təhsilini yüksək səviyyədə başa vuran 5 məzuna böyük etimad göstərilib və onlar Akademiyanın əməkdaşları sırasına qoşulub”.

Akademiya rəisi Prezident İlham Əliyevin bir neçə il əvvəl Akademiyanın beynəlxalq standartlara cavab verən yeni inzibati tədris binasının açılış mərasimində çıxışını xatırlayıb: "Dövlət başçısı çıxışı zamanı bildirmişdi ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyası qısa müddət ərzində gözəl tədris mərkəzinə çevrilib. Dövlət başçısı ümid etdiyini bildirdi ki, gələcəkdə bu Akademiyanın bazasında beynəlxalq tədris və təlim mərkəzi yaradılacaq. Burada mövcud olan imkanlar bunu deməyə əsas verir. Prezident İlham Əliyev yerləşdiyimiz regionda bu akademiyanın öz yeri olduğunu vurğuladı, burada təhsil almaq üçün qonşu ölkələrdən də insanların gələcəyinə, bu bazada beynəlxalq tədris mərkəzi yarada biləcəyimizə əminliyini ifadə etdi. Akademiyanın bütün kollektivi bu etimadı dərindən dərk edərək bunu özlərinin gündəlik əməli fəaliyyəti ilə nümayiş etdirməyə çalışırlar. Bu istiqamətdə görülən işlərin həyata keçirilməsində nazir, general-polkovnik Kəmaləddin Heydərovun da əməyi sonsuzdur. Cənab nazirin tapşırığına uyğun olaraq Akademiyada ən son elmi yeniliklər tətbiq edilir, zabitlərin günün tələbinə uyğun hazırlanması üçün yüksək şərait yaradılır. Akademiyanın beynəlxalq təlim və tədris mərkəzinə çevrilməsi üçün iş aparılır”.

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev çıxışında kursantları, onların valideynlərini andiçmə münasibətilə Fövqəladə Hallar nazirinin adından təbrik edib. Nazir müavini bildirib ki, Akademiyanın müəllim, professor heyəti burada təhsil alan kursantlara 4 il ərzində bütün biliklərinin əsaslarını öyrədirlər: “Akademiyanın əsası 2008-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qoyulub və artıq 11 ildir fəaliyyət göstərir. Artıq bu Akademiyanı bitirən məzunlar Fövqəladə Hallar Nazirliyinin müxtəlif qurumlarında çalışırlar, insan həyatını, mülklərini, dövlətin əmlakını canları, qanları bahasına qoruyub mühafizə edirlər. Hər bir dövlətin, xalqın, millətin mövcud olması üçün yaxşı kadr potensialı vacibdir. Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdən başlayaraq Azərbaycanda milli zabit kadrlarının hazırlanması üçün böyük işlər görülüb. Güclü zabit kadrlarını olmasa, heç bir millət, dövlət formalaşıb, inkişaf edə bilməz”.

E. Mirzəyev bildirib ki, bu ilin iyul ayında Müdafiə Nazirliyinin hərbi təyyarəsi Xəzər dənizi üzrərində qəzaya düşən zaman onun axtarışında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da böyük fədakarlıq göstərib, onlar 1 aya yaxın müddətdə Müdafiə Nazirliyinin əməkdaşları ilə birgə dənizdə təyyarənin qalıqlarının və pilot Rəşad Atakişiyevin nəşinin tapılmasında böyük qəhrəmanlıq nümayiş etdiriblər: "Azərbaycan xalqı, dövləti qəhrəman oğullarımızla daim fəxr edir. Bütün zabitləri, kursantları ürəkdən təbrik edirəm və əminəm ki, Sizə göstərilən etimadı hər zaman doğruldacaqsınız”.

Kursantlar adından çıxış edən məzun, leytenant Fəxri Həsrətli FHN Akademiyasında təhsil almasından qürur hissi duyduqlarını bildirib: “4 il əvvəl Akademiyanın kursantı kimi and içmişdik, indi isə Akademiyanın məzunu kimi çıxış edirik. Təhsil aldığımız müddət ərzində Nazirliyin və Akademiyanın rəhbərliyi, professor və müəllim heyəti tərəfindən qayğı ilə əhatə olunmuşuq. Həmkarlarım adından yaradılan yüksək şəraitə və qayğıya görə Fövqəladə hallar Naziri Kəmaləddin Heydərova dərin minnətdarlığımızı bildiririk. Bu gün mənim və məzun yoldaşlarımın həyatında olduqca əlamətdar gündür. Doğma Akademiyamızdan ayrılır və Fövqəladə Hallar Nazirliyində gənc zabit kimi fəaliyyətə başlayırıq. Biz gənclər dərk edirik ki, Prezident İlham Əliyevin gənclərə olan yüksək münasibətinə cavab olaraq səylə çalışmalı, öz siyasətində gənclərə arxalanan ölkə başçısının etimadını həmişə doğrultmalıyıq. Bu məsuliyyəti dərk edərək xidməti borcumuzu yerinə yetirərkən həmkarlarımızın peşəkarlıq ənənələrini davam etdirəcəyimizə, vəzifələrimizi vicdanla yerinə yetirəcəyimizə, Fövqəladə Hallar orqanları əməkdaşlarının şərəf və ləyaqətini uca tutacağımıza söz veririk”.

Sonra akademiyanı bitirən məzunlara diplomlar və "leytenant" rütbəsi təqdim olunub. Ardınca Akademiyanın döyüş bayrağının təhvil verilməsi və qəbul edilməsi mərasimi olub.

Nümunəvi orkestrin və kursantların ifasında akademiyanın marşı ifa edildikdən sonra şəxsi heyət hərbi marşın sədaları altında tribunanın önündən keçib.

Fövqəladə Hallar Nazirliyi Akademiyasının 2019-cu il məzunu leytenant Vüsal Zeynalov jurnalistlərə açıqlamasında bildirib ki, bu gün çox əlamətdar gündür: “Biz 4 il ərzində FHN Akademiyasında yanğın təhlükəsizliyinin mühəndisliyi üzrə təhsil aldıq. Məzun olduğumuz Akademiyada bizim üçün yaradılan şəraitə görə Fövqəladə Hallar Nazirliyinin və Akademiyanın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Bundan sonrakı xidmətimiz daha da məsuliyyət tələb edir”.

Məzun Cavid Hüseynlinin atası Elşən Hüseynov da oğlunun məzun olmasından qüruq hissi keçirdiyini qeyd edib: "Çox sevinirəm ki, bu gün oğlum Fövqəladə Hallar Nazirliyi sistemində zabit kimi fəaliyyətə başlayır. Bir valideyn kimi qürurlanırıq ki, zabit ordusuna evimizdən bir zabit də biz bəxş etmişik. Azərbaycanımızın qüdrətlənməsi üçün biz də öz töhfəmizi vermiş olduq. Onun bu gün bir zabit kimi qürurla addımlaması bizi çox sevindirir”.

Femida.az

Açar sözlər:

Oxunub: 857