Məhəmmədhüseyn Şəhriyarın anım günüdür


13:01     18 Sentyabr 2019 2019/09/sehriyar23_4706392593.jpg

Bu gün böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın vəfatından 31 ötür.

Femida.az xəbər verir ki, şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında böyük xidmətləri olan Şəhriyar yaradıcılığı hər zaman Azərbaycan xalqının güvənc yeri olub. O, klassik şeirin bütün şəkillərinə müraciət edib, ölməz sənət inciləri yaradıb.



Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. O, Təbrizdə orta təhsil alaraq Tehran Universitetinin tibb fakültəsinə daxil olub. Təhsilini yarımçıq qoysa da, dahi şair xalq təbabətinə dərindən bələd olduğu üçün həkimliklə də məşğul olub.



Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub.

O, XX əsrin 19-20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlayıb. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və M.Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olub.



M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan, ilk növbədə, onun ölməz “Heydərbabaya salam” poeması olub. Şəhriyar “Heydərbabaya salam” əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilib. Sadə bir fоrmada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb və dövrün ziyalılarının diqqətini özünə cəlb edib. Şairin ata-baba yurdunun şirin xatirələri ilə yaşayan, “Heydərbabaya salam” poeması haqqında M.Rövşənzəmir yazırdı: “Heydərbaba dağı bir gün yerlə-yeksan оla bilər, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeiri nəsildən-nəslə ötürüləcək və yaddaşda qalacaqdır”.



Məhəmmədhüseyn Şəhriyarın xatirəsi ədəbiyyatsevərlərin ürəyində əbədi yaşayır və sevilir. O, 18 sentyabr 1988-ci ildə 82 yaşında Təbrizdə vəfat etsə də, o gün hər il İranda “Milli şeir günü” kimi qeyd edilir.





Femida.az

Açar sözlər:

Oxunub: 1920