Elina Hacıyevanın intiharı ilə bağlı məhkəmədə Xalidə Bayramova ifadə verib


19:55     18 Sentyabr 2019 2019/05/xalide-elina_1558934791.jpg

Məhkəmədə Səbail rayon icra Hakimiyyətinin birinci müavini Xalidə Bayramova şahid qismində ifadə verib. O, qeyd edib ki, hadisə ilə bağlı ona məktəbin direktoru Sevinc Abbasova məlumat verib: "Sevinc Abbasova zəng edərək mənə dedi ki, 8-ci sinifdə oxuyan qız 2-ci mərtəbədən yıxılıb. Ona təşvişə düşməməyi tapşırdım. Məsələ ilə bağlı icra başçısına məruzə etdim və ondan icazə alıb məktəbə getdim. Başçı ilə danışandan sonra direktora zəng edib dedim ki, polisə xəbər verin və təcilli yardım çağırın".

X.Bayramova ifadəsində qeyd edib ki, direktor ona təcili yardım çağırdıqları bildirib: "Məktəbə saat 11:01-də çatdım. Polislər orada idi. Elinanı divanda uzandırmışdılar. Direktor çox həyəcanlı idi. Gördüm ki, hələ həkim çağırılmayıb. Belə olan halda mən birbaşa Rauf həkimə zəng edib təcilli yardım göndərmələrini istədim. 4 dəqiqə sonra həkimlər gəldi".

İcra başçısının müavini bildirib ki, Elina Hacıyeva çoxlu dərman içib: “Orada dedilər ki, Elina çoxlu dərman içib. Qız özü isə dedi ki, dünən 30, bu gün 60 həb atıb. O, dərman içdiyini dediyi üçün onu Toksikologiyaya apardılar. Lakin sonra zədələrini görüb “Semaşko”ya göndəriblər”.

X.Bayramova onu da qeyd edib ki, Elinanın ölümünü gözlənilməz olub: "Həkimlər bizi inandırmışdı ki, Elinanı xilas ediblər”.

İcra başçısının müavini bildirib ki, Elina sinif yoldaşlarından gileylənib: "Məktəbdə Elinanı ilk dəfə görəndə “ölmək istəyirəm” deyirdi. Mənə dedi ki, “bu sinif, bu uşaqlar dəhşətlidir. Bu məktəbdən getmək istəyirəm”.

X.Bayramova suallara cavabında E.Hacıyeavnın anasına barışıq üçün pul təklif etmədiyini deyib: “Deyirlər ki, direktorla qohumam, “podruqa”yam. Bunlar yalandır. Mən sadəcə onlara kömək edirdim”.

***

E.Hacıyevanın oxuduğu məktəbin sabiq direktoru Sevinc Abbasova jurnalistlərin suallarını cavablandırıb.

S.Abbasova bildirib ki, Elina Hacıyevanın psixotrop maddənin təsiri altında intihar etməsi araşdırılıb: “Polislər müəyyən araşdırma apardılar. Biz uşağı yola salanda o sağ-salamat idi. Mən xəstəxanada da yanına getmişəm. Aprelin 4-də 2 saat uşağın yanında olmuşam. Heç kəs yox idi, gözlədim ki, bəlkə valideynlərindən kimsə gələr, tək qoymayım onu. Uşaqla da çox mehriban söhbətlərimiz olub. Mən məktəb direktoru olmaqdan əlavə həm də coğrafiya müəllimiyəm və uşaqlarla ünsiyyət qurmaqda heç bir problemim yoxdur”.

S.Abbasova intihardan sonra yayılan səs yazısına da münasibət bildirib: “Siz o səs yazısında Elinanın adını eşitmisiz? Düzdür mən təkzib verməmişəm. Ona görə ki, aprelin 16-dan etibarən ev dustağıyam, istintaq sirrini yaymamaq haqqında mənə imza atdırıblar. Mən telefon nömrəmi dəyişmişəm, telefonumu bağlamışam, internetə girmirəm. Birinci dəfədir ki, müsahibə verirəm”.



Açar sözlər:

Oxunub: 1217