Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb


17:04     20 Sentyabr 2019 2019/09/ecbb8c0f-7243-4fa7-a802-e47dd1b00bbc_1568984704.jpg

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, sentyabrın 16-dan Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin iştirakı ilə başlayan genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb.


Femida.az xəbər verir ki, təlimlərə 10000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunların hərəkəti, idarə edilməsi tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilib. Təlimlərdə qoşunlar cəmləşmə rayonlarını tutub və qruplaşmalar yaradılıb. Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunub.

Eyni zamanda qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritələr üzərinə işlənilib. Mürəkkəb radioelektron şəraitdə kəşfiyyat və digər orqanlardan əldə olunan məlumatlar xəritələrdə əks olunub. Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılıb.

Daha sonra qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması üzrə tapşırıqlar icra edilib.

Sentyabrın 18-də isə genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri, general-polkovnik Zakir Həsənova qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslər tərəfindən təlimlərin gedişi barədə məruzələr edilib. Ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələr dinlədildikdən sonra qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verilib.

Sentyabrın 20-də isə Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub. Təlimin niyyətinə uyğun olaraq qoşunlar silah və texnikanın tətbiqi ilə dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmənin əsas qüvvələrinin darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və strateji cəhətdən əlverişli rayon və hədlərin ələ keçirilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üzrə təlim-döyüş tapşırıqlarını məşq ediblər.

Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçirilən təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili üzrə tapşırıqlar icra edilib.

Təlimdə qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilib.

Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçirilib.

Bölmələr döyüş atışları və atəşlə manevrlər yerinə yetirərkən əsas diqqət müasir silah və hərbi texnikanın tətbiqi ilə taktiki tapşırıqların icrasına yönəldilib.

Femida.az

Açar sözlər:

Oxunub: 157