Bakıda “Moskva günləri” keçiriləcək


22:32     14 Noyabr 2015 publika.az139730305522278230d753b8b0be415224df7b0120.jpg

Noyabrın 16-dan başlayaraq Bakıda Moskva günlərinə start veriləcək.


Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Moskva şəhərinin idman nümayəndələri sırasına 14 idmançı, 2 məşqçi, 1 Moskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin rəsmi nümayəndəsi, Olimpiya çempionları Musulbes David Vladimiroviç (1996-cı il, Atlanta) və Boqiev Vadim İosifoviç (2000-ci il, Sidney) daxildir.

Bu günlər çərçivəsində Bakı və Moskva şəhərlərinin boks idmanı üzrə 2000-2001-ci il, sərbəst güləş üzrə 2002-2003-cü il təvəllüdlü yeniyetmə oğlanlardan ibarət komandaları arasında yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.

Tədbirin proqramına əsasən, 16 noyabr tarixində (saat 10.00-da) qonaqlar Fəxri və Şəhidlər Xiyabanlarını ziyarət edəcəklər. Eyni zamanda, idman obyektləri ilə də yaxından tanış olacaq nümayəndə heyəti, həmin gün saat 15.00-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində görüş keçirəcəklər. Görüşdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sidney Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə çempionu Namiq Abdullayev, Pekin Yay Olimpiya Oyunlarının çüdo üzrə çempionu Elnur Məmmədli, Rusiya Bədən Tərbiyə və İdman Departamentinin müavini, Rusiyanın sərbəst güləş üzrə olimpiya çempionları David Musulbes, Vadim Bogiev və digər rəsmi qonaqlar iştirak edəcəklər.

17 noyabr tarixində Tofiq Bəhrəmov adına Respublika Stadionunun güləş zalında sərbəst güləş üzrə, 18 sentyabr tarixində isə Boks İdman Mərkəzində boks üzrə master klas və yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.

Bakıda Moskva günləri 19 noyabr tarixdə başa çatacaq.

Qeyd edək ki, tədbir 1997-ci il 13 iyun tarixində rəsmi Bakı və Moskva arasında imzalanmış Memoranduma əsasən keçirilir. Tədbirin keçirilməsində məqsəd rəsmi Bakı və Moskva arasında idman, mədəni, elmi-texniki və iqtisadi əlaqələrin inkişafına tövhə vermək, əməkdaşlığı dərinləşdirmək və inkişaf etdirməkdir.

Açar sözlər:

Oxunub: 731