Vəkilləri Hüseyn Abdullayevə bəraət istəyiblər


17:25     24 Sentyabr 2019 2019/09/husweyn_1569331574.jpg

Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Femida.az-ın məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Hüseyn Abdullayevin vəkili Elnur Vəliyev çıxış edib.

O bildirib ki, müvəkkilinə verilən ittihamlar məhkəmə istintaqı dövründə sübuta yetirilməyib:

“İstintaq dövründə işdə olan sübutlar saxtalaşdırılıb. Belə ki, Hüseyn Abdullayevə təqsirləndirilən şəxs Pərviz Kazımovun “eşitmişəm” sözünə görə ittiham verilib. Müvəkkilim 2001-ci ildən bəri qara metallurgiya biznesi ilə məşğul olmayıb. Daha sonra Hüseyn Abdullayev ölkədən çıxıb gedib. Onun şirkətlərinin idarəçiliyi özünə aid olmayıb. Müvəkkilim barəsində daha bir ittiham verilib ki, Azərbaycanda qazandığı pulları ölkədən çıxararaq xarici ölkə banklarına yerləşdirilib. Halbuki bunu sübut edən hər hansı bir sənəd yoxdur. Lakin istintaq onun barəsində leqallaşdırma ilə bağlı ittiham verib”.

Vəkil həmçinin müdafiə etdiyi şəxsin zərərçəkmiş şəxs qismində tanınan Elnur Məmmədova hədə-qorxu gəlmədiyini bildirib.

Elnur Vəliyev məhkəmə tərəfindən Hüseyn Abdullayev barəsində bəraət hökmünün çıxarılmasını və ona qarşı qaldırılan mülki iddiaların təmin olunmamasını istəyib.

Prosesdə çıxış edən Hüseyn Abdullayevin digər vəkili Cavid Rzazadə də müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Proses sentyabrın 26-da davam etdiriləcək.

Xatırladaq ki, prokuror ötən proses çıxış edərək Hüseyn Abdullayevin keçmiş cəzasını toplamaqla 8 il, Namiq Babayevin 8 il, İntiqam Süleymanovun 6 il, Nazim Əliyevin 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror keçmiş DSX əməkdaşları - Zaur Quliyev, Pərviz Kazımov, Həbib İbrahimov və Xalid Əliyevə 4 il sınaq müddəti seçilməklə şərti cəza istəyib.

Dövlət ittihamçısı H.Abdullayevin anası Zeynəb Abdullayevin 5 min manat cərimələnməsi istəyib.

Qeyd edək ki, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib. Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

Xatırladaq ki, iş üzrə təqsirləndirilən Z.Abdullayeva, H.İbrahimov, Z.Quliyev və P.Kazımov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 552