20 yaşlı gənc naməlum şəxslər tərəfindən döyülüb


11:12     28 Sentyabr 2019 1367572794_dava-dalas.jpg

Lənkəranda 3 nəfər maskalı şəxs kənd sakinini döyüb.


APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ləj kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Pərviz Cümşüd oğlu Köçəriyev ötən gün axşam saatlarında ailəsinə məxsus pay torpağından mal-qaranı evə gətirmək üçün örüş sahələrinə gedib. Bir neçə saatdan sonra mal-qaranın evə P. Köçəriyevsiz gəldiyini görən valideyni oğluna bir neçə dəfə zəng etsə də, cavab verən olmayıb. Oğlundan nigaran qalan atası dərhal örüş sahəsinə üz tutub. Evlərindən bir neçə km aralıda yerləşən sahədə Pərvizin üst paltarlarının yerdə olduğunu görüb və ətrafda axtarışa başlayıb. Meşəyə tərəf gedəndə isə zarıltı səslərini eşidən ata oğlunu su kanalının içində əlləri və ayaqları bağlı şəkildə, huşsuz vəziyyətdə tapıb. Atası onun əl-ayaqlarını açandan sonra dərhal təcili tibbi yardım xidmətinə məlumat verib.


Hadisə yerinə gələn təcili yadım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan P.Köçəriyev vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan APA-ya verilən məlumata görə, onun baş nahiyəsində zədələr mövcuddur və kəllə-beyin travması alıb. Həkimlərin səyi nəticəsində bir neçə saatdan sonra zərərçəkmişin huşu yerinə gəlib.

Atası Cümşüd Köçəriyev qeyd edib ki, ilkin dindirilmə zamanı Pərviz üzünü görə bilmədiyi 3 nəfər maskalı şəxs tərəfindən döyüldüyünü deyib. C. Köçəriyev özü və oğlunun heç kimlə ədavəti olmadığını bildirib.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq davam edir.

Açar sözlər:

Oxunub: 393