"Dövlət qurumları məhkəmə sorğusuna elektron cavab verməkdən imtina edir" - Ramin Qurbanov


19:25     30 Sentyabr 2019 19_09_30_1569853583.jpg

“Elektron məhkəmə” sisteminin üstünlüyü ondan ibarətdir ki, burada hakimlər öz şəxsi kabinetini yaradaraq, apardığı işə operativ şəkildə nəzarət edə, lazım olan məlumatı elektron şəkildə dərhal əldə edə biləcəklər. Yaxın zamanda “Elektron Məhkəmə” mobil tətbiqi də yaradılacaq. Vətəndaşlar bu tətbiq vasitəsi ilə çox rahat və sürətli şəkildə öz işləri ilə bağlı məlumat ala biləcək və digər prosesləri həyata keçirəcək”.


Femida.az xəbər verir ki, bu sözləri “Elektron Məhkəmə” informasiya sistemi üzrə işçi qrupun rəhbəri, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərələliyi üzrə Komissiyasının (CEPEJ) prezidenti, hakim Ramin Qurbanov deyib. O, bildirib ki, bəzi dövlət qurumları elektron məhkəmə sisteminə inteqrasiya olunmaqda işə həvəsli yanaşmır:

“Bəzi dövlət qurumları bu işdə çətinlik yaradır, prosesi yubadır. Məsələn, DİN, Daşınmaz Əmlakın Reyestri üzrə Dövlət Xidməti, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi və s. digər qurumlar məhkəmələrin sorğusuna yalnız yazılı formada cavab verir. Biz onlara vaxta qənaət etmək, eləcə də hakimlərin, məhkəmələrin işini asanlaşdırmaq üçün bu prosesin həm də elektron qaydada aparılmasını təklif edirik. Çox maraqlıdır ki, dövlət qurumları məlumatları yazılı formada təqdim edir, lakin elektron formada cavablandırmaqdan imtina edirlər.

Hətta bəziləri buna görə pullu xidmət göstərdiyini bildirir. Həmin qurumlar başa düşməlidir ki, vətəndaşlarla bağlı məlumatlar yalnız həmin quruma məxsus deyil, ümumilikdə dövlətə məxsusdur. Odur ki, məlumat mübadiləsi dövlət qurumları arasında pulsuz aparılmalıdır”.

“Vaxtilə bölgələrdə yeni məhkəmə binaları tikiləndə Maliyyə Nazirliyi həmin işlər üçün Bakıdakı binalara ayrılan qədər pul ayrılmaq istəmədi. Səbəb kimi göstərdilər ki, ora regiondur, Bakıdakı kimi müasir binaya ehtiyac yoxdur. Mən həmin vaxt etirazımı bildirdim. Çünki Gədəbəydə yaşayan şəxs də Azərbaycan vətəndaşıdır, Bakıda yaşayan şəxs də. Aralarında fərq qoymaq olmaz.

Bilirik ki, bu gün məhkəmələrlə bağlı narazılıq çoxdur. Biz də bu tendensiyanı ortadan qaldırmağa çalışırıq. Cənab Prezident də qarşımıza tələb qoyub ki, cəmiyyətdə yüksək nüfuza malik məhkəmə sistemi qurulmalıdır”, - deyə R.Qurbanov qeyud edib.

Xatırladaq ki, “Elektron Məhkəmə” sistemi çərçivəsində 13 dövlət qurumunun inteqrasiyası planlaşdırılır.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #elektron   #məhkəmə   #Ramin_Qurbanov  

Oxunub: 2176