Azərbaycan vəkilləri beynəlxalq elmi-praktiki konfransda


12:10     01 Oktyabr 2019 19_10_01_1569917414.jpg


Sentyabrın 27-28-də Dağıstanın Maxaçqala şəhərində “Xəzəryanı əməkdaşlıq çərçivəsində vəkillik fəaliyyəti” mövzusuna həsr olunmuş I beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Femida.az-ın məlumatına görə, konfransda Xəzəryanı ölkələrin vəkillər kollegiyalarının, o cümlədən, Rusiya Federasiyasının müxtəlif regionlarının vəkillər palatalarının, dövlət ve qeyri-hökümət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Beynəlxalq konfransda ölkəmizi Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev, Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı və Vəkillər Kollegiyasının üzvü Cabbar Bayramov təmsil edib.



Konfrans çərçivəsində vəkillik fəaliyyətini maraqlandıran bir sıra mövzular – vəkilin peşəkar hüquq və vəzifələri, ödənişsiz hüquqi yardım və pro bono, Xəzəryanı inteqrasiya müstəvisində xarici vətəndaşların hüquqları, konfrans ölkələrinin gənc vəkillər təşkilatlarının gələcək əməkdaşlıq perspektivləri və digər mövzular müzakirə olunub.

Tədbirin açılış nitqi ilə çıxış edən Dağıstan Respublikası Vəkillər Palatasının prezidenti Akif Beybutov konfrans iştirakçılarını salamlayaraq Dağıstan Respublikasında bu cür böyük tədbirin ilk dəfə olaraq keçirildiyini, konfransın həm Xəzəryanı ölkələrin vəkillik təşkilatları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, həm də həmin ölkələrdə vəkillik fəaliyyəti ilə bağlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Konfransın açılış nitqləri çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev çıxış edərək ilk dəfə olaraq keçirilən beynəlxalq konfransa dəvət olunduqları üçün təşkilatçılara təşəkkür edib, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Xəzəryanı ölkələr arasında əməkdaşlığa hər zaman hazır olduğunu, əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi, eləcə də qeyd olunan ölkələrin vətəndaşlarına hüquqi yardım göstərilməsi istiqamətində müsbət addımlar atıldığını, bu əməkdaşlığın gələcək perspektivlərinin və daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirin müzakirələrə həsr olunmuş ikinci hissəsində Muxtar Mustafayevin “Vəkilin peşəkar hüquq və vəzifələri” mövzusunda mühazirəsi dinlənilib, konfrans iştirakçılarına mövzu ilə bağlı Azərbaycan təcrübəsi, o cümlədən, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına edilmiş dəyişikliklərlə məhkəmələrdə təmsilçilik səlahiyyətinin əsasən Vəkillər Kollegiyasının üzvlərinə həvalə edilməsi və bu dəyişikliyin müsbət nəticələri, eləcə də dövlət hesabına hüquqi yardım göstərən vəkilə ödənilən xidmət haqqının artırılması və hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan tədbirlər barədə geniş məlumat verib.

Femida.az

Açar sözlər: #vəkil   #kollegiya  

Oxunub: 13045