Ev hansı yolla vərəsənin adına keçirilir? – Hüquqi yardım


14:50     10 Mart 2020 mehk8.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Mövzumuz evin vərəsələrdən birinin adına rəsmiləşdirilməsi ilə bağlıdır. Vətəndaş mövzu ilə bağlı Femida.az-a ünvanladığı müraciətdə prosesi həyata keçirmək üçün hüquqi yardıma ehtiyacı olduğunu bildirib.

Hansı prosedurlara əməl etməklə evi vərəsənin adına rəsmiləşdirmək mümkündür? Bunun üçün hansı sənədlərə ehtiyac var?

Femida.az suallarla bağlı hüquqşünas mövqeyini öyrənib.

Hüquqşünas Məhərrəməli Həmidov:

“Ev sahibinin övladları 6 ay ərzində müvafiq notariusa müraciət edərək, vərəsəlik haqqında şəhadətnamə almalıdır. Vərəsəlik haqqında şəhadətnamə 6 aydan sonra verilir. Notariusda müraciət edən vərəsələrdən başqa vərəsələrin olmaması barədə məlumat varsa, 6 aydan tez də verilə bilər. Vərəsəlik haqqında şəhadətnamə mirasın qəbul edilməsini bildirir.

Evin övladlardan birinin adına rəsmiləşdirilməsini təsdiq edən sənəd Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi çıxarışdır. Vərəsəlik haqqında şəhadətnaməni əldə etdikdən sonra həmin çıxarışı almaqla ev övladlardan birinin adına rəsmiləşdirilir.

Mülkiyyətçi kimi övladlardan birinin adı yazılsa da, digər vərəsələrin payları həmin çıxarışda qeyd edilir. Digər vərəsələr umumiyyətlə evdən pay istəmirlərsə, notariusda həmin bir nəfərin xeyrinə mülkdən imtina etməlidir. Bu isə, o deməkdir ki, öz payından imtina etmiş vərəsələr gələcəkdə həmin evdən pay istəmək hüququnu itirirlər”.

Oğuz Altay
Femida.az

Açar sözlər:

Oxunub: 4370