Ərlə arvadı barışdırmaq əvəzinə vurub öldürdü


16:55     02 Oktyabr 2019 meyit222.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Vəli Behbudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Femida.az-a məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda Vəli Behbudovun anlaqsız olduğu, özünü idarə edə bilmədiyi və buna görə də 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi məlum olub.

Mərhumun valideynləri isə buna etiraz ediblər.

Məhkəməyə polis nəzarətində gətirilən Vəli Behbudov əlləri ilə qulaqlarını tutaraq başını arxaya və önə əyərək heç nə danışmayıb. Onun qanuni nümayəndəsi bildirib ki, Vəli Behbudov heç kimlə ünsiyyətə girmir.

Məhkəmə hazırlıq iclasında qərar qəbul edib. Qərara əsasən Vəli Behbudovun xəstə olmadığı qənaətinə gəlinib və buna görə də barəsində həbs qətimkan tədbiri seçilib.

Vəli Behbudov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüləcək.

Proses oktyabrın 9-da davam edəcək.

İttihama görə, bu ilin fevral ayında Binəqədi rayonunun "28 May" qəsəbəsi ərazisindəki evdə 27 yaşlı Məmmədov İlkin Elman oğlu və 25 yaşlı Muradzadə Sevinc Yaşar qızının meyitləri tapılıb.

Polis əməkdaşları iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən Beyləqan rayon sakini, 1989-cu il təvəllüdlü Behbudov Vəli Əli oğlunu saxlayıblar. Məlum olub ki, o, Sevinc Muradzadənin yaxın qohumudur.

İlkin araşdırma zamanı məlum olub ki, 27 yaşlı Məmmədov İlkin Elman oğlu ilə 25 yaşlı Muradzadə Sevinc Yaşar qızı 2017-ci ildə ailə həyatı qursa da sonradan boşanmaq qərarına gəlib.

İstintaqın versiyasına görə, V.Behbudov ayrılmış cavanları barışdırmaq məqsədilə S.Muradzadəni götürərək İ.Məmmədovun "28 May" qəsəbəsindəki evinə gətirib. Lakin orada tərəflər arasında dava düşüb. Nəticədə Vəli Behbudov İlkinə çoxsaylı bıçaq zərbələri endirib, qadını isə boğaraq öldürüb. O daha sonra Nərimanov Rayon Polis İdarəsinə gedərək əməlini könüllü etiraf edərək təslim olub.

Ona Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 463